Rusiyameyilli oliqarxların “yarpaq tökümü”: Növbədə Gürcüstandır?! – TƏHLİL

  22 İyun 2019    Oxunub : 8704
 Rusiyameyilli oliqarxların “yarpaq tökümü”: Növbədə Gürcüstandır?! – TƏHLİL
60-cı illərdə ABŞ-da çəkilmiş məşhur bir komediya filmi belə adlanırdı: “Bu sərsəm, sərsəm, sərsəm, sərsəm dünya”. Filmin adında “sərsəm” sözü 4 dəfə təkrarlanırdı, amma açıq-aşkar görünür ki, bu, azdır. Hətta min dəfə təkrarlansa belə, yenə də dünyadakı sərsəmliyi ifadə etmək üçün kifayət deyil. Necə ki, bu həftə Gürcüstan-Rusiya münasibətlərinin 2008-ci ilin avqustunda baş vermiş “beşgünlük müharibə”dən sonrakı ən kəskin vəziyyətə çatması da açığı, sərsəmlikdən başqa heç nəyə oxşamır.
Bu qədər gərginliyə, xarici və daxili siyasətdə yaranmış böhrana səbəb nədir? Praktik olaraq, heç nə! Provaslavların Parlamentlərarası Assambleyasının Gürcüstan parlamentində keçirilən görüşü zamanı rusiyalı deputat Sergey Qavrilovun Gürcüstan parlamentinin spikerinin yerində oturması və rusca danışması. Maraqlıdır, rusiyalı deputat nə dilində danışmalı imiş ki? Bəlkə heç başqa dil bilmir?



Harada oturmasına gəlincə, Qavrilovun özü belə deyib: “Mənə ev sahibləri haranı göstəriblərsə, orada da oturmuşam” . Maraqlıdır ki, həmin vaxt Gürcüstan parlamentinin spikeri özü Bakıda səfərdə idi... Yəni problem sadəcə bundan ibarətdir: Rusiyalı qonağın harada oturması. Amma görün, bu problemin nəticəsində nələr baş verdi.

Paytaxtı kütləvi aksiyalar bürüdü; Etirazçılar parlamentin spikerinin, dövlət təhlükəsizlik xidmətinin rəhbərinin və daxili işlər nazirinin istefasını tələb etməyə başladılar. Parlamentin binasına hücum edildi, yeni seçkinin keçirilməsi tələb olundu. Polislə toqquşma nəticəsində 240 nəfər xəsarət aldı. Spiker İrakli Kobaxidze istefa verdi.



Bütün bunların cavabında Rusiya prezidenti Vladimir Putin Gürcüstana təyyarə reyslərinə qadağa qoydu. Ölkələr arasında son illərdə bərpa olunmağa başlayan münasibətlər yenidən darmadağın edildi. Daxili və xarici siyasətdə son illərin ən gərgin, ağır böhranı yaşandı və davam etməkdədir; açığı, bütün bunların necə qurtaracağını da indidən demək çətindir. Və hər şey nəyin üstündədir? Bir deputatın harada oturmasının?!..

Düzü, buna inanmaq olmur. Diqqətlə baxanda sezmək çətin deyil ki, bütün baş verənlər Gürcüstanla Rusiyanın arasında bərpa olunan münasibətləri pozmaqda maraqlı qüvvənin planına oxşayır. Hadisələr qızışanda yayılan feyk xəbərlər də bundan xəbər verirdi. Məsələn, deputat Qavrilovun guya Abxaziyada gürcülərə qarşı savaşması kimi dezinformasiyalar ehtirasları daha da artırırdı. Halbuki, onun özü bunu təkzib edərək, heç vaxt Abxaziyada olmadığı dedi. Demək, bu feyk xəbərlərin yayılmasını təşkil edənlər də var. Tbilisinin meri Kaxa Kaladze özü də etiraf etdi ki, parlamentin qarşısında baş verənlər çox tezliklə “ifadə azadlığı”, “dinc etiraz” çərçivəsindən çıxaraq, antikonstitusion xarakter almağa başladı.



Hadisələrin bu şəkildə cərəyan etməsi kimə lazım idi? İlk növbədə, dediyimiz kimi, Gürcüstan-Rusiya münasibətlərinin bərpa olunmasını istəməyənlərə. Digər tərəfdən, əgər çox diqqətlə baxsaq, MDB-nin Qərb cinahında gedən maraqlı bir prosesi müşahidə edə bilərik. Bir ay əvvələ qədər Gürcüstan, Ukrayna və Moldovanın hər üçündə şərti olaraq “rusiyameyilli” adlandıra biləcəyimiz oliqarxlar ya birbaşa, ya da dolayı yolla, pərdə arxasından hakimiyyəti idarə edirdilər. Ukraynada Zelenskinin seçilməsi ilə bu dövr bitdi. Moldovada iyunun 8-də baş tutan parlament seçkisindən sonra Rusiyanın dəstəyinə arxalanan oliqarx Ploxatnyukun dövranına nöqtə qoyuldu. Belə görünür, həmin prosesləri idarə edənlər indi də Gürcüstanda İvanişvili erasını bitirməyə çalışırlar. Üç ölkədə baş verən proseslərin mahiyyətindəki bu eynilik təsadüfi ola bilməz.



Görünür, Zelenskinin seçilən kimi, hələ kabinetində yerini rahatlamamış Ukraynanın qapılarını Saakaşvili üçün açması da bu planın tərkib hissəsi imiş. O, özünün ifadə etdiyi kimi, Gürcüstana daha yaxına gəlir, yaxud, gətirilir. Tbilisidəki protestlərdə dərhal Saakaşvilinin partiyasının və hazırda ona rəhbərlik edən Qriqol Vaşadzenin önə çıxıb, təşəbbüsü ələ almaları da əlbəttə ki, təsadüf deyildi...

Ona görə də, indi əsas sual budur: Tbilisidə başlayan hadisələr burada da Ukrayna və Moldovadakı nəticəyə, yəni Rusiyameyilli oliqarxın qurduğu sistemin demontajına qədər gəlib çıxa biləcəkmi? Ölkədə “Saakaşvili-2” dövrü başlayacaqmı?



İndidən nəsə demək çətindir. Acı olan isə odur ki, qonşu dövlətlərin, onların xalqlarının taleyi ilə bu cür manipulyasiyalar edilir, oturuşmuş, sabit hakimiyyət qurmalarına imkan verilmir. Uduzan isə hər zaman hər yerdə olduğu kimi, adi insanlardır.

Vüsal Məmmədov
Azvision.az

Teqlər: Gürcüstan   Etiraz   Aksiya   Rusiya