DİM Nazirlər Kabinetinin qərarına aydınlıq gətirdi

  DİM Nazirlər Kabinetinin qərarına aydınlıq gətirdi
  25 May 2019    Oxunub:3934
Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli qərarına dair qısa izahat verib.
DİM-dən Azvision.az -a bildirilib ki, qərara əsasən, 2009-cu ildən etibarən 9 illik və 11 illik təhsil bazasında kolleclərə qəbul olan və müvafiq illərdə təhsilini başa vuran subbakalavrların ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq hüququ var.

Qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər.

Subbakalavrlar ixtisas seçimində Dövlət İmtahan Mərkəzinin müvafiq ixtisas qrupları üzrə müəyyən etdiyi keçid balı ilə iştirak edəcəklər. Yəni I, II, III və IV ixtisas qruplarının biri üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 200 balla, V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 60 balla ixtisas seçimində iştirak edəcək. Xüsusi qabiliyyət tələb edən ixtisasları seçmək istəyən subbakalavrlar qəbul imtahanı verən abituriyentlər kimi seçdikləri komissiya üzrə ümumi qaydada qeydiyyatdan keçərək qabiliyyət imtahanlarında iştirak edib məqbul qiymət almalıdırlar.

İxtisas seçimi zamanı eyni bir yerə biri abituriyent digəri subbakalavr olmaqla iki nəfər iddia edərsə, bu zaman həmin yerə abituriyent qəbul olunacaq. Ancaq bir yerə iki subbakalavr iddia edərsə, o zaman aşağıdakı ardıcıllıqla qeyd olunan meyarlar üzrə göstəriciləri daha yüksək olan subbakalavra üstünlük veriləcək:

-Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);

-Təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası.

Subbakalavrlar ali təhsil müəssisələrinin ixtisaslarını seçərkən tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçə bilərlər.

Ali təhsil müəssisəsinə imtahansız qəbul olmaq istəyən subbakalavrlar ümumi qaydada qəbul imtahanlarında da iştirak edə bilərlər.

Cari ildə qəbul imtahanında iştirak etmiş subbakalavrlar öz seçimindən asılı olaraq, imtahanda topladığı bal və ya DİM-in müvafiq ixtisas qrupları üzrə müəyyən etdiyi keçid balı ilə müsabiqədə iştirak edə bilər.

İxtisasların uyğunluğu, yəni subbakalavrın bitirdiyi ixtisasdan asılı olaraq seçə biləcəyi ali təhsil müəssisələrinin ixtisaslarının siyahısı yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla Təhsil Nazirliyi tərəfindən müəyyən ediləcək və ictimaiyyətə elan olunacaq.

Sənəd qəbulu barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, bu qərarda bakalavrların orta ixtisas təhsili müəssisələrinə imtahansız ödənişli əsaslarla qəbulu da öz əksini tapıb. Həmin bakalavrlar ərizə ilə qəbul olmaq istədikləri orta ixtisas təhsili müəssisəsinə müraciət etməlidirlər. Bakalavrlar bu barədə müvafiq orta ixtisas təhsili müəssisəsindən ətraflı məlumat ala bilərlər.

Azvision.az


Teqlər: DİM   İmtahan   Nazirlər-Kabineti  





Xəbər lenti