“Bakı neftini ələ keçirmək uğrunda savaşırdılar” - Əli Əhmədov
Ə.Əhmədov bildirib ki, 101 il əvvəl qurulmuş, az yaşasa da ənənələri onun layiqli varisi olan Azərbaycan Respublikası tərəfindən yaşadılan Xalq Cümhuriyyəti tariximizin şanlı səhifəsi kimi əbədi yaşayacaq:
“Qürurla qeyd etmək yerinə düşər ki, Xalq Cümhuriyyətinin ideyaları və ənənələri ümummilli lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti tərəfindən nəinki qorunur və yaşadılır, həm də daha yüksəklərə qaldırılır. Şübhə etmirəm ki, Cümhuriyyəti quranlar bugünkü Azərbaycanla fəxr edərdilər, çünki onların və bütün xalqımızın arzuları müstəqil dövlətimizin mövcudluğunda və fəaliyyətində özünün təcəssümünü tapır.
Azərbaycan XXI əsrin ən uğurlu dövlətlərindən biri olduğunu bütünlüklə təsdiq edə bilmişdir. Müstəqillik, müasirlik, tərəqqi, hürriyyət kimi ümumbəşəri ideyalar dövlətimizin təməl prinsipləri olaraq vətəndaşların xidmətindədir.
100 il əvvəl Cümhuriyyət qurucuları Azərbaycanın müstəqilliyinin tanıdılması uğrunda mübarizə aparırdılar, indi Azərbaycan özünün dövlət müstəqilliyini qəti şəkildə təsdiq edib. 100 il əvvəl beynəlxalq güclər Bakı neftini ələ keçirmək uğrunda savaşırdılar, indi Azərbaycanın bütün təbii sərvətləri xalqımızın mənafeyinə xidmət göstərir.
İndi Azərbaycan nümunə göstərən bir ölkədir. Yüksək inkişaf nümunəsi, əminamanlıq nümunəsi, tolerantlıq nümunəsi Azərbaycanı bütün dünyada məşhur edib. 100 il əvvəl müstəqil yaşamağa haqqı olduğunu sübuna yetirməyə çalışan bir xalq və onun müstəqil dövləti indi dünyaya nümunə göstərir. Çünki müstəqillik və dövlətçilik etibarlı əllərdədir”.
AzVision.az
Teqlər: ƏliƏhmədov YAP Cümhuriyyət