Süni bahalaşma riski artır – TƏHLİL

   Süni bahalaşma riski artır –    TƏHLİL
  22 May 2019    Oxunub:3565
Ölkədə zəruri istehlak malları, xüsusən də ərzaq məhsullarının qiymətlərinin ənənəvi tendensiyasından əhali ümumən, həmişə narazı olub və olacaq. Yəni, bu, əksər ölkələrdə belədir. Əlbəttə, heç kəs bu və ya digər qrup malların qiymətlərində bahalaşma olmasını istəmir. Lakin ilin bütün dövrlərində bu, qeyri-mümkün haldır. Çünki istehsalın və tələbatın artması dinamikası daim bərabər inkişaf edə bilməz. Ancaq bazarda şübhəsiz ki, müəyyən bir tənzimləmə olmalıdır və bu, zəruridir.
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin eyni dövrünə nisbətən 2,4%, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2%, qeyri-ərzaq mallarının qiymətləri 1,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,7% artıb.

İlk baxışda istehlak qiymətlərində sabitlik müşahidə olunmaqdadır. Bunu ilin ilk 3 ayı ərzindəki yekun statistika da təsdiqləyr. Belə ki, yanvar-mart ayları ərzində istehlak qiymətləri indeksi cəmi 2,1% səviyyəsində artmışdı. Keçən ilin eyni dövründə isə bu rəqəm 4% idi. Yanvar-aprel aylarındasa 3,5%...

O da məlumdur ki, cari il üçün inflyasiya hökumət tərəfindən birrəqəmli səviyyədə proqnozlaşdırılıb. 2017-ci ildəsə ölkədə 13% indlyasiya qeydə alınmışdı. Sözün qısası, statistika 2 il əvvəlki tendensiyaya rəğmən, bahalaşmanın mövcud olmadığını israr edir. Lakin bir sıra ərzaq məhsullarının qiymətlərinin, o cümlədən, xidmətin qiymətlərinin isə yüksəldiyi heç də diqqətdən yayınmır. Bunu Ramazan ayı ilə və sairlə əlaqələndirənlər də var.

Məsələ bundadır ki, ərzaq məhsullarında, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində bahalaşma, mövsümi xarakterli də hesab edilə bilər, süni, başqa sözlə desəm, subyektiv səbəbli də... Bahalaşma hər halda, cüzi də olsa, mövcuddur. Sadəcə olaraq, sözügedən tendensiya müvəqqəti xarakter daşıdığından dalğavari əhəmiyyət kəsb etmir.

Yeri gəlmişkən, məlum olduğu kimi, ilin əvvəlindən bəri, ölkədə demək olar, bütün sosial istiqamətlər üzrə maliyyələşdirmə genişləndirilib. Dövriyyəyə 2 milyard manatdan çox əlavə vəsait daxil olub ki, bu, hələ də davam etməkdədir. Hökumət bunun müqabilində süni qiymət artımlarının baş verməsi qarşısını alacağını və buna heç bir vəchlə yol verməyəcəyini bəyan edib. Və bazarın təhlili - müşahidəsi də deməyə əsas verir ki, süni qiymət artımları üçün əslində, heç bir şərait mövcud deyil.

Ümumiyyətlə, sosial istiqamətdə artımlar həyata keçirildikdən sonra əsas diqqət həmişə istehlak bazarına yönəlir. Belə ki, istehlak bazarında qiymətlərin buna qarşı adekvat reaksiya göstərməsini önləmək başlıca vəzifəyə çevrilir. Çünki dövriyyəyə tələbin şişməsinə xidmət edən amilin, yəni onun tədiyyə qabiliyyətinin təmininə zəmin və şərait yaradan əlavə vəsaitin daxil olması nəticəsində, təklifin istər-istəməz yenidən təşkil olunması, ya kəmiyyət genişləndirilməsi, ya da qiymətlərin artırılması zərurəti yaradır.

Bu zamansa xüsusən, sonuncu üçün süni tendensiyaya geniş meydan açılır. O mənada ki, qiymətlər təbii olaraq deyil, rəqabətin olmaması və inhisar amilləri səbəbindən süni şəkildə yüksəlməyə meyl göstərir ki, istehlak bazarında adekvat reaksiyanın ortaya çıxması qarşısını almaq lazım gəldiyi dedikdə də, bunu nəzərdə tuturam.

Ölkəmizdə istehlak bazarının geniş rəqabət imkanlarına malik olmadığı bəlli məsələdir. O cümlədən, inhisarçı amillərdən də uzaq olmadığı sirr deyil. Elə həm də məhz inhisarçı amillərə görədir ki, rəqabət üçün geniş şərait yoxdur. Odur ki, maaş və pensiyalar artan, sosial müavinət məbləğləri yüksələn kimi ən zəruri istehlak mallarının qiymətləri qalxmağa can atır. Və bu, bir çox hallarda süni olaraq baş verir. Ona görə də bizdə, hökumət bazarda qiymətləri daima nəzarətdə saxlamağa çalışır ki, buna hər zaman böyük səy göstərir.

Yuxarıda da qeyd etdim ki, hökumət sosial istiqamətdə son artımlardan sonra süni qiymət artımlarının baş verməsi qarşısını alacağını və buna heç bir vəchlə yol verməyəcəyini bəyan edib. Bazarın təhlili də deməyə əsas verir ki, süni qiymət artımları üçün heç bir şərait yoxdur.

Lakin bayaq qeyd etdiklərimə əsasən də "kiçik qığılcımlar" hər halda mövcuddur. Və süni qiymət artımı sahəsində bu "qığılcımlar", məsələn, hazırda Ramazan ayı ilə və sairlə bağlı deyil. Burada tədiyyə qabiliyyətli tələbin cuzi də olsa artmasının təsiri və rolu vardır ki, bundan tam olaraq sığortalanmaq təəssüf ki, mümkün deyil. Problem bundadır.



Pərviz Heydərov
Azvision.az üçün




Teqlər: Bahalaşma  





Xəbər lenti