Los-Ancelesin azərbaycanlı şerifi

  Los-Ancelesin azərbaycanlı şerifi
  20 May 2019    Oxunub:18592
Dərs ilinin başlanmasından on gün ötürdü. Hansı sinifdə oxuyacağını müəyyən etmək üçün nənəsi Aida xanım onu 258 nömrəli məktəbə aparır. Məlum olur ki, birinci siniflərdə yerlər dolub, cəmi bir şagird qəbul edə bilərlər. Və bu yeri tutmaqdan ötrü beş namizəd uşaq vardır. Məktəb direktoru uşaqların beşinə də bildikləri hər hansı bir şeiri söyləməyi tapşırır. Uşaqlardan kimisi "Xoruz", kimisi "Keçi" şeirini söyləyir. O isə "Yevgeniy Onegin"dən bir parçanı əzbərdən deyir. Bunu görən direktor boş qalan şagird yerini tutmaqdan ötrü onu seçir.
Bir az sonra məlum olur ki, o, ibtidai siniflər üçün nəzərdə tutalan dərs proqramını dərindən bilir. Sınaq testini keçəndən sonra onu birbaşa beşinci sinifə götürürlər. Beləliklə yeddi yaşlı bu uşaq orta təhsilini beşinci sinifdən başlayır.

Atası Fərid Mirzəquliyev mühəndisdir. Azərbaycanın neft sənayesində çalışır. Anası Sevda xanım da mühəndisdir, amma heç yerdə işləmir. Hazırda evdar qadındır. Hər ikisi əslən Bakılıdır. Özündən yaşca kiçik qardaşı Kamil isə əvvəlcə Bakı Slavyan Universitetini bitirsə də, sonradan Barselonada menecment ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Valideynləri ilə Bakıda yaşayır.

Haqqında söhbət açdığım Fəxri Mirzəquliyev 1982-ci ildə Bakı şəhərində dünyaya gəlib. 15 yaşı hələ tamam olmamış orta təhsilini başa vurub və indiki Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunub. 2001-ci ildə maliyyə-kredit fakultəsini bitirərək ali təhsilə yiyələnib. 2002-ci ildən ABŞ-ın Kaliforniya ştatında yaşayır. Söylədiyinə görə uşaq yaşlarından orta məktəbi bitirənədək şahmat və üzgüçülük idman növləri ilə məşğul olub. Hətta bu idman növləri üzrə respublika yarışlarında müxtəlif mükafatlara layiq də görülüb. Tələbəlik illərində isə əvvəlcə sərbəst güləşlə məşğul olsa da, bir müddətdən sonra İsrail ordusunda tətbiq olunan "Krav Maga" döyüş növü üzrə məşqlərə qatılıb. O vaxtdan indiyədək "Krav Maga" ilə məşğul olur.

Deyir ki,- "ABŞ-da yaşamaq gözəldir. Burada insan əməyi layiqincə qiymətləndirilir. Problemlər arzuladığın işi əldə edəndə bitir. Ümumiyyətlə, Amerikada gözəl yaşamaq üçün ya çox ağıllı olmalısan, ya da çox işləməyi bacarmalısan".

Fəxri Kaliforniyanın Los-Anceles şəhərinə gələndə cəmi iyirmi yaşı olub. On dörd il müxtəlif işlərdə şalışıb. Fəqət ruhdan düşməyib, hədəfə doğru inamla addımlayıb. Los-Ancelesdəki Kaliforniya Universitetinin hüquq fakültəsində iki illik tədris proqramını altı aya bitirərək hüquqşünas ixtisasına yiyələnib. Universiteti bitirdikdən iki il sonra nəhayət ki, məqsədinə çatıb. 2016-cı ildə sıravi polis kimi Los-Ancelesdə işə başlayıb. Qısa müddətdə özünü doğruldaraq şerif vəzifəsinədək yüksələ bilib. Hazırda həbsxanalar üzrə qanqsterlərlə mübarizə şöbəsinin şerifi vəzifəsində çalışır.

Deyir ki,- "Burada heç kim bir-birindən fərqlənməyə səy göstərmir. Sən burada hər hansı bir nazirlə eyni restoranda şam edə bilərsən və heç vaxt hiss etməzsən ki, masalardan birində nazir əyləşib. Görün nə qədər gözəldir. Adama ləzzət edir. Bəli, sadəlik, təvazökarlıq amerikalıların yaşam tərzidir".

Tez-tez balıq ovuna gedir. Xüsusi poliqonda atıcılıqla məşğul olmağı xoşlayır. Qurmandır, evdə yeməkləri özü hazırlayır. Əsasən Azərbaycan mətbəxinin təamlarına üstünlük verir. Çox ciddi və ağıllı gəncdir. Özünə hörmət etməyi bacarır. "Kim gəldi görüşmürəm, nə gəldi yemirəm, nə oldu içmirəm"- söyləyir. Bəs niyə bir azərbaycanlı xanım seçib evlənmirsən, deyə soruşanda cavabı belə oldu:- "Elə bilirsiz, evlənmək asandır? Ailə qurmaqdan ötrü gərək axtarıb-arayıb bir qız seçəsən. Seçəndən sonra isə özünü ona sevdirə biləsən, sevəsən. Bunun üçün vaxt amili vacibdir. O da məndə yoxdur".

Bəli, Allahın möcüzəsi sandığım bu fövqaladə savadlı gəncin varlığı Azərbaycan xalqının nə qədər istedadlı, bacarıqlı olduğunu bir daha sübut edir.

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azvision.az


Teqlər: Amerika   Şerif   Polis  





Xəbər lenti