Ukrayna Azərbaycanlıları Radası: Təxribatlara uymayın!

  Ukrayna Azərbaycanlıları Radası:    Təxribatlara uymayın!
  19 May 2019    Oxunub:2814
Ukrayna Azərbaycanlıları Radası Diasporla İş üzrə Dövlət Komitəsinə, Mətbuat Şurasına və Azərbaycan ictimaiyyətinə müraciət edib.
Müraciətdə deyilir: “Bildiyiniz kimi, ötən gün Ukraynanın Jitomir şəhərində soydaşlarımız arasında qanlı hadisə baş vermiş, nəticədə Pərvin Şirinov adlı soydaşımız amansızcasına qətlə yetirilmişdir. Hadisə ilə bağlı Ukrayna hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Ukrayna Azərbaycanlıları Radası da öz növbəsində məsələni yaxından izləyir. Ümid edirik ki, bu ağır cinayət hadisəsində iştirak edənlərin hamısı layqli cəzalarını alacaqlar.

Təəssüflə bildiririk ki, Ukraynada fəaliyyət göstərən diaspor təşkilatlarının milli maraqlardan çıxış edərək bir araya gəlməsindən tədirgin olan bəzi qüvvələr məişət zəminində törədildiyi ehtimal olunan sözügedən qətl hadisəsindən Ukrayna Azərbaycanlıları Radasına qarşı istifadə etməyə çalışır, Azərbaycan ictimaiyyətində çaşqınlıq yaratmağa xidmət edən təxribatçı fəaliyyətlə məşğul olurlar. Narahatılıq yaradan hallardan biri də odur ki, belə təxribatçı planların həyata keçirilməsində Azərbaycanın bəzi xəbər resurslarından da istifadə olunur. Həmin xəbər mənbələri faktları dəqiqləşdirmədən və hər hansı araşdırma aparmadan məqsədli şəkildə diaspor fəallarının adını hallandıraraq, onların işgüzar nüfuzuna xələl gətirir, diaspor quruculuğu və dövlət maraqlarının təmin olunması istiqamətində həyata keçirlən fəaliyyətə kölgə salmağa çalışırlar.

Qətiyyətlə bildiririk ki, baş vermiş cinayət hadisəsinin, Ukrayna Azərbaycanlıları Radası – bu qurumda bir araya gələn diaspor təşkilatlarının təmsilçiləri ilə heç bir əlaqəsi yoxdur. Diaspor təşkilatlarının adının bu məsələdə hallandırılmasını böyük zəhmət hesabına əldə olunmuş bilrliyi pozmağa cəhd kimi qiymətləndiririk. Bu kimi ziyanlı fəaliyyət nümunələri əslində dövlət maraqlarımıza qarşı yönəlir, böyük bir coğrafiyada milli ideyaların təbliği kimi vacib istiqamətə ciddi zərbə vurmuş olur.

İllərdir birliyin əldə olunmaması, diaspor təşkilatları arasında narazılıq mühitinin hökm sürməsi və bundan da şəxsi maraqlar üşün istifadə etməyə çalışan məkrli dairələrin təxribatları gözlənilən idi. Lakin onların bu işi adi məişət müstəvisində baş vermiş qətl hadisəsi üzərindən həyata keçirəcək qədər kiçiləcəklərini gözləmirdik. Görünür Ukrayna Azərbaycanlıları Radasının yaradılması və soydaşlarımızın vahid bir platformada birləşməsi həmin dairələrin şəxsi maraqlarına çox ciddi təsir göstərib.

Diasporla İş üzrə Dövlət Komitəsini və bu ideyanın təşəkkül tapması üçün dəstəyini əsirgəməmiş Azərbaycan mətbuatını əmin edirik ki, Ukraynadakı diaspor fəallarının gərgin əməyi ilə ərsəyə gətirilmiş Ukrayna Azərbaycanlıları Radası sağlam və səmimi münasibətlər üzərində qurulmuş diaspor birliyidir və bu birliyin qorunub saxlanılması üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Ölkə ictimaiyyətini, bu məsələdə tələskənliyə yol verərək mövqe nümayiş etdirən ziyalılarımızı mənbəsi bəlli olmayan “informasiyalara” etimad göstərməməyə çağırırıq”.

Azvision.az


Teqlər:





Xəbər lenti