Hüseyn İbrahimovun yubileyi ilə bağlı sərəncam

 Hüseyn İbrahimovun yubileyi ilə bağlı sərəncam
  18 May 2019    Oxunub:3768
Prezident İlham Əliyev Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az -ın məlumatına görə, sərəncamda bildirilir ki, 2019-cu ilin may ayında Azərbaycanın Xalq yazıçısı Hüseyn Məmmədəli oğlu İbrahimovun anadan olmasının 100 illiyi tamam olur.

Qeyd olunur ki, Hüseyn İbrahimov yarım əsrdən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyəti ilə müasir Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş özünəməxsus yaradıcılıq üslubuna malik simalardandır. Ədibin uğurlu axtarışlarının nəticəsi kimi müxtəlif janrlarda meydana gətirdiyi əsərlərdə müasirlərimizin zəngin mənəvi aləmi dolğun əks etdirilmiş, mədəniyyət tariximizin yetirdiyi bir çox görkəmli simaların işıqlı obrazları parlaq bədii boyalarla təcəssümünü tapmışdır. Uzun illər Naxçıvanın ictimai-siyasi həyatının fəal iştirakçısı olmaqla Hüseyn İbrahimov regionda mədəni mühitin tarixi ənənələrinin qorunub saxlanılması və eləcə də müstəqillik ideallarına sadiq yaradıcı ədəbi qüvvələrin öz potensiallarını lazımınca gerçəkləşdirə bilmələri üçün böyük əmək sərf edib.

Sərəncamda Mədəniyyət Nazirliyinə və Azərbaycan Yazıçılar Birliyinə Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.

Azvision.az



Teqlər: Hüseynİbrahimov   Yazıçı   İlhamƏliyev  





Xəbər lenti