Sabah 35422 abituriyent imtahan verəcək
İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar quraşdırılıb.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunan vaxtda gəlmək lazımdır.
Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha sürətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.
Abituriyentlər imtahana aşağıdakı sənədlərlə gəlməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- “İmtahana buraxılış vərəqəsi”;
- 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayış (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı üstündə mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqləri və cavab kartları abituriyentlərdən təhvil alınır.
İmtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədilə II qrupda riyaziyyat, coğrafiya və tarix fənləri üzrə, III qrupda isə Azərbaycan dili, ədəbiyyat və tarix fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir.
Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Bu imtahanda (qəbul imtahanının ikinci mərhələsi) abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür. II-III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər
Məlumat üçün bildirək ki, imtahanda 35422 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 14031 abituriyent II qrup üzrə, 21391 abituriyent III qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 32585 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 12645, III qrup üzrə 19940 nəfər), 2837 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1386, III qrup üzrə 1451 nəfər) məzunudur. Abituriyentlərin 15823 nəfəri oğlan (II qrup üzrə 9538 nəfər, III qrup üzrə 6285 nəfər), 19599 nəfəri isə qızdır (II qrup üzrə 4493 nəfər, III qrup üzrə 15106 nəfər). 30654 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 3786 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 55 nəfər ali təhsil müəssisələrinin, 927 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 165 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1963-cü il, ən gənci isə 2004-cü il təvəllüdlüdür.
Bakı şəhərində 15158, Naxçıvanda 1799, Gəncədə 3750, Sumqayıtda 1709, Mingəçevirdə 1553, Şəkidə 1880, Bərdədə 2041, Göyçayda 1445, Şirvanda 2224, Lənkəranda 2387, Xaçmazda isə 1476 abituriyentin imtahan verəcəyi gözlənilir.
Azvision.az