Səhiyyədə struktur islahatı: TƏBİB nəyə çarə qılacaq? – TƏHLİL

  23 Aprel 2019    Oxunub : 2092
 Səhiyyədə struktur islahatı: TƏBİB nəyə çarə qılacaq? – TƏHLİL
Bugünlərdə Nazirlər Kabinetinin (NK) qərarı ilə Səhiyyə Nazirliyinin böyük sayda müəssisələrinin bir müddət öncə ölkədə icbari tibbi sığortanı tətbiq etmək məqsədilə təsis edilən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində yaradılan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə verilməsi suallar yaratdı. Səhiyyə Nazirliyinin səlahiyyətləri alındımı? Görəsən, bundan sonra “dövlət xəstəxanaları” məhfumu olmayacaqmı? Ölkədə tibbi xidmət hansı formada dəyişəcək?
İstərdim qeyd olunan məsələyə iqtisadi cəhətdən müəyyən aydınlıq gətirim və səmərəsini açıqlayım. Səhiyyədə idarəetməni dəyişdirmək nə məqsəd daşıyır və bizə nə verəcək? Əvvəla, qeyd olunan qərara əsasən, ölkəmizdə səhiyyə xidmətində bir növ struktur islahatına gedilməklə dövlətin və hökumətin sosial siyasəti istiqamətində daha bir yeniliyə imza atıldı. Bunu səhiyyədə idarəetmənin təkmilləşdirilməsi kimi də qələmə vermək olar.

İkincisi isə, səhiyyə xidmətlərini müasir tələblərə uyğunlaşdırmaqda və sahəni maliyyələşdirmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirməkdə, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltməkdə icbari tibbi sığorta sisteminin tətbiqi xüsusi əhəmiyyət daşıdığından, səhiyyə müəssisələrinin TƏBİB-in tabeliyinə keçirilməsi sözügedən mexanizmin işə salınması demək olacaq. Xatırladıram ki, qərar gələn il yanvarın 1-dən qüvvəyə minəcək. Üstəlik, məlum olduğu kimi, icbari tibbi sığorta sistemini də ölkə ərazisində 2020-ci ildən tətbiqi etmək planlaşdırılır.

TƏBİB-in yaradılması özü icbari tibbi sığorta sisteminin tədbiqi məqsədi daşıyırdı. Onun İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində təsis olunması da buna sübutdur. TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar, habelə nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına reallaşdırılacaq; onun tabeliyinə verilən dövlət səhiyyə sisteminə aid tibb müəssisələrinə münasibətdə vahid tənzimləməni isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirəcək.

Sözün qısası, ölkədə səhiyyə sistemində islahatların mühüm istiqamətlərindən birini də əhali arasında icbari tibbi sığortanın tətbiq edilməsi yönündə aparılan işlər təşkil etdiyindən, idarəetməni dəyişmədən bu sahədə nəyəsə nail olmaq mümkün deyil. Bu səbəbdən də, öncə Səhiyyə Nazirliyini strategiyanı müəyyən edən bir qurum kimi xəstəxanaları və ümumiyyətlə, müxtəlif xarakterli tibb müəssisələrini, yəni, əgər belə demək mümkündürsə, təsərrüfat xarakterli işlərin icrası funksiyasından xilas etmək gərəkirdi. Çünki bizdə, iqtisadiyyatda və ümumiyyətlə, əhaliyə xidmətdə bütün problemlərin kökündə əslində məhz, strateji siyasətlə təsərrüfatçılıq funksiyasının biri-birinə qarışması, başqa sözlə desəm, eyni qurum və yaxud bir əl tərəfindən aparılması, həyata keçirilməsi dayanır. Energetika sektorunda, nəqliyyatda və sairədə bu vəziyyətdən xilas ola bilmişik. İcbari tibbi sığorta sisteminin tədbiqi isə səhiyyədə bunu tələb edirdi. Odur ki, Səhiyyə Nazirliyi səlahiyyətsizləşdirilmir. Əksinə, adı çəkilən qurum bundan sonra sırf özünə aid funksiyanı yerinə yetirməyə başlayacaq.

Lakin digər ən mühüm cəhət isə maliyyələşmə mənbələri və üsulları ilə bağlı məsələdir. Bəli, bu sahədə yuxarıda qeyd etdiyim kimi gələn ildən tədbiq ediləcək icbari tibbi sığortayla bağlı bəzi cəhətlər məlumdur. Məsələn, sahibkarlıq fəaliyyəti ilə məşğul fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və özüməşğul əhali qrupu üçün tibbi sığorta ödənişlərinin illik məbləği hələ ki bəlli olduğuna görə, 120 manat təşkil edəcək.

Ümumiyyətlə, ümumən, burada da bir hissəni dövlət ödəyəcək ki, 2020-ci ildən xidmətlər zərfinin baza hissəsi üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək. Hansıki, buraya ilkin səhiyyə, təcili, təxirəsalınmaz tibbi yardım xidməti və sair daxildir. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə üçünsə icbari tibbi sığorta haqqı ödəmək məcbur sayılacaq. Əhali kateqoriyaları üzrə də tibbi sığorta haqqının illik məbləğinin 120 manat olacağı gözlənilir.

Yeri gəlmişkən, real olaraq, səhiyyə üzrə xərclər dövlət büdcəmizin məxaric tərkibində 4,2% çəkiyə sahibdir. Sözüm bunda deyil. Məsələ ondadır ki, hər bir keyfiyyətli xidmətin əsasında maddi vəsait dayandığından icbari tibbi sığorta sisteminin fəaliyyətində də nə qədər çox böyük məbləğdə vəsaitlərin cəm olunmasına imkan və şərait olacaqsa, təklif ediləcək xidmətlərin də keyfiyyəti və çeşidi bir o qədər yüksək və geniş xarakter daşıyacaq. Bu, aksiomadır. İnkişaf etmiş ölkələrin təcrübəsi də buna əyani sübutdur.

Belə ki, məsələn, dünya ölkələri sırasında səhiyyə xidmətindən istifadəyə görə həm əhali sarıdan, həm də dövlət tərəfindən ən çox vəsait xərclənilən ölkə Birləşmiş Ştatlardır. 2017-ci ilin statistikasına görə, hər orta səviyyəli amerikalının səhiyyə xidmətindən istifadəyə görə xərclədiyi vəsaitin həcmi 4 500 dollardan 8 300 dollaradək təşkil edib. Bu zaman, dövlətin əhalinin rifahı üçün səhiyyəyə xərclədiyi vəsaitin həcmisə 10 209 dollara bərabər olub. Sonuncu rəqəm İsveçrədə 8009 dollar, Luksemburqda 6475 dollar, Norveçdə 6351 dollar, Almaniyada 5728 dollar, İsveçdə 5511 dollar, İrlandiyada 5449 dollar, Avstriyada 5440 dollar, Hollandiyada 5386 dollar, Danimarkada isə 5183 dollar təşkil edib.

Göründüyü kimi, keyfiyyətli və geniş çeşiddə tibbi xidmət həm də iqtisadi inkişafdan asılıdır. Başqa sözlə desəm, icbari tibbi sığorta sisteminin mükəmməl çalışması iqtisadiyyata bağlı məsələdir. Dövləti və əhalisi kasıb olan ölkədə yüksək səviyyəli tibbi xidmət gözləmək əbəsdir. Eyni zamanda, dövləti varlı, əhalisi isə qeyri-geniş maliyyə imkanlarına malik ölkədə də səhiyyədə hərtərəfli pulsuz xidmət müşkül məsələdir. Odur ki, səhiyyəmizdə islahatlara əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılan addımlar da öz müsbət təsirini göstərməli və ümumiyyətlə, bu sahədə dövlət paralel olaraq vətəndaşların maddi rifahını yüksəltmək istiqamətindəki qayğısını da əsirgəməməlidir.



Pərviz Heydərov
Azvision.az üçün

Teqlər: TƏBİB   Səhiyyə-islahatları