“Hamının prezidenti”ndən “Hamının dövləti”nə: Bir ildəki proseslərin fəlsəfəsi – TƏHLİL

  11 Aprel 2019    Oxunub : 7225
 “Hamının prezidenti”ndən “Hamının dövləti”nə: Bir ildəki proseslərin fəlsəfəsi – TƏHLİL
Bu gün cənab İlham Əliyevin növbəti dəfə Azərbaycan prezidenti seçilməsinin 1 ili tamam olur. Bu, çox maraqlı il idi. Və əgər bu bir ili cəmi bircə sözlə ifadə etmək lazım gəlsə, onun məhz hansı olacağı haqda heç kim mübahisə etməyəcək. Çünki hər kəs birmənalı qəbul edəcək ki, bu, “islahat” sözü olmalıdır.
Həqiqətən də, son bir il ərzində indiyə qədər görünməmiş miqyasda, bütün sahələri əhatə edən geniş islahatlar keçirildi. Niyə məhz indi, niyə məhz bu prezidentlik müddətində? Çünki doğrudan da, hər bir addım zamanında atılmalıdır və dövlət başçısı bu mənada həm zamanın, həm də xalqın nəbzini çox ustalıqla tuta bilir. Əvvəlki illərdə Azərbaycanda bir sıra sahələrin modernləşdirilməsi, yeni tipli məmur nəslinin formalaşdırılması və digər addımlar artıq həm cəmiyyəti, həm də hakimiyyəti islahatların davamına, dərinləşməsinə, genişlənməsinə kökləmişdi. Cənab İlham Əliyev də yeni prezidentlik müddətinə məhz bu sosial-siyasi sifarişi icra etməklə başladı.

İlk addım kadr islahatları oldu. Bir sıra dövlət qurumlarının rəhbərliyinə gənc, bacarıqlı, savadlı kadrlar təyin olundular. Bu, hakimiyyət komandasına yeni iş metodlarının, yeni baxışların, yeni məmur təfəkkürünün və davranış modellərinin gətirilməsində böyük rol oynadı.

Sonra struktur islahatları başladı: Özünü doğrultmayan, büdcəyə yük olan, bir-birinin funksiyalarını təkrarlayan, nəhayət, sadəcə köhnəlmiş qurumlar ləğv olundular. Bu addım yüngül və çevik icra aparatına üstünlük verən müasir dünya trendlərilə ayaqlaşmaq istiqamətində atılmışdı.

Ardınca növbə çox böyük bir məsələyə - Məhkəmə islahatlarına yetişdi. Ölkədə həm iqtisadiyyatın daha rahat inkişafı, həm insan hüquqlarının daha effektiv qorunması üçün məhkəmələrin çevikliyinin və şəffaflığının artırılması labüdləşmişdi. Və dövlət başçısı zamanın bu tələbini də vaxtında qarşıladı.

Təbii ki, islahatlar bundan sonra da davam edəcəklər. Bunun üçün hansısa səbəb axtaranlara, fantastik versiyalar irəli sürənlərə İlham Əliyevin düz bir il əvvəl - yeni müddətə prezident seçiləndən sonra Milli Məclisdə etdiyi çıxışını xatırlatmaq yerinə düşər. Həmin çıxışında dövlət başçısı demişdi: "Növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaq".

Bəs bu vədin ikinci hissəsi - yəni, vətəndaşlarımızın yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün nələr edildi? Son bir il ərzində Azərbaycan dövləti və şəxsən onun başçısı vətəndaşların bütün sosial-iqtisadi problemlərinə əvvəllər görünməmiş çevikliklə reaksiya verir, ortaya çıxan, hətta köhnə illərdən qalan məsələlər sürətlə həll olunurdu.

Öncə şəhid ailələrinin müavinət məsələsi həllini tapdı. Ardınca minimum əməkhaqqıları birdən-birə kəskin artırılaraq, yaşayış minimumu səviyyəsinə çatdırıldı. Sonra pensiya və sosial müavinətlər qaldırıldı. Bütün bu sosial çözümlər prosesi nin zirvəsi isə əhalinin banklarda qalan problemli əmanətləri məsələsinin həlli idi. Bu fərman həm vətəndaşların illərdir yığılan və ciddi narahatlıq yaradan problemini yoluna qoydu, həm də bank sektorunda və demək, ümumiyyətlə, iqtisadiyyatda yenu aktivliyin başlamasına təkan verdi.

Şamaxıda zəlzələ, “Diqlas” Ticarət mərkəzində yanğın baş verərkən biz Prezidentin çox operativ şəkildə məsələyə müdaxilə edib, vətəndaşın yanında durmasının, onun problemini həll etməsinin şahidi olduq.

Bütün bunlar nədən xəbər verirdi? Bir tərəfdən, indiyə qədər də cənab İlham Əliyev hər zaman vətəndaşın yanında olmuş, problemlərin həllinə çalışmışdı. Son bir ildə sadəcə, bu qayğının miqyası və dərinliyi xeyli artdı. Prezident bu cür fəaliyyəti ilə bütün dövlət aparatını vətəndaşın qulluğunda durmağa, onun problemini həll etməyə kökləyir. Əvvəlki illərdə “Mən hamının Prezidentiyəm” fəlsəfəsi ilə çalışırdısa, son bir ildə “Dövlət hamının dövlətidir” devizinə keçid müşahidə edirik. Düzdür, biz yenə də əsas fiqur kimi Dövlət Başçısının özünü, daha çox onun şəxsi fəaliyyətini görürük. Amma eyni zamanda onu da sezmək olur ki, bu fəaliyyətilə Prezident dövlət aparatına yeni standartları tanıdır, örnək və yeni oriyentirlər göstərir.

Düşünməyə əsas var ki, bir ildə müşahidə olunan bu islahat və dövlət-əhali yaxınlaşması prosesi qarşıdakı illərdə davam edəcək və daha böyük nəticələr verəcək. Aydın məsələdir ki, islahat sadəcə, islahat xətrinə edilmir. Məqsəd bütövlükdə Azərbaycan dövlətini vətəndaşlar üçün daha rahat, daha uyğun, əlverişli və daha xoş etməkdir. Sosial və iqtisadi tələbatlarını rahat ödəyən, dövlətdən və məmurlardan yaxın, xoş münasibət görən, hüquqlarını asanlıqla qorumaq iqtidarında olan bir Vətəndaş yaratmaq üçün görülür bütün bu işlər. Və bu hədəfə çatılacağına şübhə etmək lazım deyil; çünki İlham Əliyevin son bir ildəki yox, bütün siyasi karyerası ərzindəki fəaliyyəti qəti şəkildə sübut edib ki, o, vədlərini hər zaman yerinə yetirir.

Vüsal Məmmədov
Azvision.az

Teqlər: İlham-Əliyev   Prezidentin-1-ili