Sahibkarlarımız niyə sığorta olunmurlar? – TƏHLİL

  29 Mart 2019    Oxunub : 2630
 Sahibkarlarımız niyə sığorta olunmurlar? – TƏHLİL
Dünyada Azərbaycan kimi ikinci bir dövlət yoxdur ki, sıravi vətəndaşı böyüklü-kiçikli hər hansı bir maddi fəlakətlə üzləşəndə dərhal ona yardım əlini uzadır. Düzdür, hər bir ölkədə dövlət vətəndaşa xidmət etməlidir və edir. Ancaq heç bir ölkədə dövlət bizdəki qədər yük daşımır. Xüsusən də, bazar iqtisadiyyatı şəraitində məsuliyyət və zəmanət bölüşdürülməlidir. Çünki dövlətin olduqca vacib və ağır vəzifələri var. O, hər şeylə yüklənməli deyil.
Məlum ticarət mərkəzində baş vermiş yanğınla bağlı dövlət başçımız keçirdiyi müşavirədə xatırlatdı ki, inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür və mallar sığortalanır. Prezident hətta, bu yaxınlarda Şamaxı, İsmayıllı, Ağsu rayonlarında baş vermiş zəlzələ nəticəsində minlərlə evə ziyan dəydiyini və heç bir evin sığortalanmadığını da misal göstərdi. Və qeyd etdi ki, ölkədə sığorta sahəsində boşluqlar var.

Bəli, bu, həqiqətdir. Ümumiyyətlə, Azərbaycanda sığorta yaxşı inkişaf etməyib, bu sahədə fəaliyyət və maraq bazar iqtisadiyyatının tələblərinə uyğun qurulmayıb. Sığorta sahəsində nə əldə etmişiksə bu, 2000-ci illərdən sonrakı dövrə düşür. Bu da aydın məsələdir. Ölkə iqtisadiyyatının gəlir gətirmək qabiliyyəti məhz qeyd olunan dövrdən özünü göstərməyə başladı.

Halbuki, sığorta özü bir biznes sahəsidir. Yəni, gəlir gətirən fəaliyyətdir. Ancaq bunun üçün müvafiq şərait və bazar mövcud olmalıdır. Bizdə də məhz, bunlar yoxdur. Əvvəla, sığorta barədə anlayış zəifdir, maraq sıfır dərəcəsindədir. Gəlirlər sığorta xidmətindən istifadəyə bir çox hallarda imkan açmır. İmkan olduqda da keyfiyyətli sığorta xidmətinə rast gəlinmir.

Bəli, hər bir sahibkar və ümumiyyətlə fiziki şəxs əmlakını - malını sığortalamalıdır. Ancaq sahibkar fəaliyyətini və mülkiyyətində olan mal və obyektləri o zaman sığortalayır ki, qazancında və yaxud əldə etdiyi gəlirlərdə gündəlik deyil, uzaq məqsədlər olur. Bizdə isə ticarətlə məşğul olanların 99,9%-i ancaq gündəlik qazanc barədə düşünür və bunun üçün çalışırlar. Həyata keçirdikləri bütün fəaliyyət ancaq bu məqsədə xidmət edir. Çünki xırda-xuruş alver ilə məşğul olurlar. Odur ki, bu adamlar sahibkar deyillər, alverçidirlər. Bəli, sovet hökuməti vaxtı qeyd etdiyimiz alverçilərdən. Sadəcə olaraq, onların müasir variantı...

Belələri sığorta haqda düşünə və maraqlı da ola bilməzlər. Əslində, bu, ölkəmizdə fəaliyyət göstərən bütün kiçik və orta sahibkarlara aid bir məsələdir. Bunların heç birinin strateji baxımdan planları və məqsədləri yoxdur. Ona görə də, fövqəladə bir hadisə və itki, zərəl baş verən kimi dərhal, hər şeylərini itirirlər.. Və başlayırlar ki, pulumuzu kim verəcək ?!? Halbuki, çoxunun dövlətə vergini düzgün verib-vermədiyi heç bəlli də deyil... Sağlam və şəffav biznes olan yerdə isə, sığorta da olur, sığorta haqda da düşünülür...

Bəs, ölkədə sığortada olan boşluqları aradan qaldırmaq üçün nə edilməlidir? Fikrimcə, bu çatışmazlığı qısa müddətə aradan götürmək çətin olacaq. Dövlət tərəfindən sığorta biznesinin genişlənməsi və inkişafı üçün hər cür lazım olan addımlar atılıb, hüquqi-normativ baza var, dəstək mövcuddur və sair... Sadəcə olaraq, müvafiq bazarın tam təşəkkül tapması üçün iqtisadiyyat tələb olunan səviyyədə inkişaf etməlidir, kölgə iqtisadiyyatının çəkisi azalmalıdır, sığortaya inam və maraq yaranmalıdır, gəlirlər artmalıdır, sığorta xidmətləri maksimum səviyyədə stimullaşdırıcı - cəlbedici xarakter daşımalı, sığorta anlayışı və onun səmərəsi cəmiyyətdə hər kəs üçün eyni dərəcədə aydın əhəmiyyət daşımalıdır.

Sığorta elə bir sahədir ki, burada məcburi, yəni inzibati yolla heç bir şeyə nail olmaq mümkün deyil. Onun inkişafının və genişlənməsinin kökündə könüllülük prinsipi dayanmalıdır.



Pərviz Heydərov
Azvision.az üçün

Teqlər: Sığorta