Nəhəng layihənin son addımları atılır – TƏHLİL

   Nəhəng layihənin son addımları atılır –    TƏHLİL
  23 Fevral 2019    Oxunub:7049
Fevralın 20-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında indiyədək görülən işlərə nəzər salınmaqla yanaşı, proseslərin artıq sona yaxınlaşmaqda olduğu və hər bir işin nəzərdə tutulduğundan da yüksək səviyyədə, vaxtından əvvəl həyata keçirildiyi qeyd edildi. Prezident İlham Əliyev bildirdi ki, bu nəhəng enerji layihəsini yekunlaşdırılmağa yaxınıq. Çünki, sözügedən layihənin dörd elementindən üçü həqiqətən də artıq hazırdır və istifadə olunur.

Ümumiyyətlə, xatırladım ki, Cənub Qaz Dəhlizi əslində, 3 layihəni birləşdirir: Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP. Başlanğıc, yəni, mənbə isə "Şahdəniz-2"-dən ibarətdir. Keçən ilin mayında «Cənub Qaz Dəhlizi”nin açılışı oldu. Prezident İlham Əliyev kəmərə ilk qazın vurulmasını bildirən açarı işə saldı. İyun ayının 12-də isə Türkiyənin Əskişəhərində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə TANAP-ın istifadəyə verilməsi ilə bağlı rəsmi açılış oldu. TANAP layihəsi istifadəyə verildikdən sonra 1 milyard kubmetr qaz Türkiyə bazarına ixrac edilib. Trans-Adriatik boru kəmərinin inşasında da böyük irəliləyiş var. Dövlət başçımız toplantıda çıxışında vurğuladı ki, ötən ilin fevralında şura qarşısında çıxışında TAP-ın hazırlığının 67% səviyyəsində olduğunu qeyd etmişdi. İndi isə son göstəricilərə görə bu rəqəm 87 %-dir. Yəqin ki, bu ilin sonuna bu da başa çatdırılacaq. Sözün qısası, təkrar edirəm ki, hər bir iş nəzərdə tutulduğundan da yüksək səviyyədə, vaxtından əvvəl həyata keçirilməkdədir. “Cənub Qaz Dəhlizi” böyük strateji infrastruktur layihədir. Prezident İlham Əliyev qeyd etmişkən, bilavasitə enerji şaxələndirilməsi layihəsidir. Bu isə istehsalçı, istehlakçı və tranzit ölkələr üçün çox vacibdir. Yəni, söhbət, enerji resurslarının şaxələndirilməsindən gedir. Təsadüfi deyil ki, layihəyə maraq göstərən ölkələrin sayı ildən-ilə artır. Bu dəfəki toplantıda - Məşvərət Şurasının sayca beşinci sayılan iclasında Macarıstan, Rumıniya, Serbiya, San-Marino və Türkmənistan nümayəndələri də iştirak edirdilər. Bu baxımdan, istehsalçı ölkə olan Azərbaycan və istehlakçı, o cümlədən tranzit dövlətlər arasında bir balans yarandığını demək mümkündür: Maraqlar balansı. Bu faktın özü, layihənin bəri başdan uğurlu olduğundan xəbər verməkdədir. “Cənub Qaz Dəhlizi” gələcəkdə təkcə Azərbaycana xidmət etməyəcək. Qərb ölkələrinin layihəyə dəstək vermələri də bununla əlaqədardır. Düzdür, bütövlükdə mövcud qaz resurslarımız yalnız “Şahdəniz-2”dən ibarət deyil. Başqa yataqlarımız da var: “Abşeron”, “Ümid”, “Qarabağ”, “Babək” və sair... Ancaq əsas istək başqadır. Ümumiyyətlə, bu gün ölkəmizin təsdiq olunan qaz ehtiyatları 2,6 trilyon kubmetrdir ki, bunun təkcə 1,2 trilyonu “Şahdəniz”də yerləşir. “Cənub Qaz Dəhlizi” layihəsi elə nəzərdə tutulub ki, ilkin olaraq 16 milyard kubmetr ötürməyə qadir olsa da, gələcəkdə onun ötürücülük qabiliyyətini 2 dəfəyədək, hətta bundan da çox artırmaq mümkün olacaq. Hazırda ehtimal olunur ki, gəlirlərimiz 100 milyard ABŞ dollarından çox olacaq. Söhbət “Şahdəniz” yatağının hər iki mərhələsindən gedir. Ancaq bunu indi dəqiq söyləmək mümkün deyil. O mənada ki, gəlirlər daha çox ola bilər. Belə ki, orta və uzaq perespektivdə üztəlik Azərbaycan özü də Avropa ölkələrinə qaz ixracında tranzit ölkə kimi çıxış edəcək. Əsas hədəflərdən biri də məhz bundan ibarətdir. Bəli, gələn ildən etibarən, Azərbaycan qazı Avropaya axmağa başlayacaq. Lakin indi də getdikcə adı daha çox hallanan Trans-Xəzər layihəsidir – “Cənub Qaz Dəhlizi”nin ona yol açdığı məsələsidir. Türkmənistan hökumətinin üzvünün toplantıda iştirak etməsi rəsmi Aşqabadın bu marşruta marağını əyani göstərən amil oldu. Çünki bəllidir ki, Azərbaycan təbii qaz hasil edən ölkədir, amma eyni zamanda təchizat xidmətləri göstərmək də iqtidarındadır. Yeri gəlmişkən, toplantıda ölkəmizin Avrasiyanın nəqliyyat mərkəzinə çevrildiyi boş yerə səsləndirilmədi. Başqa sözlə, İlham Əliyev Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin bizim ərazidən keçdiyini sözgəlişi nəzərə çatdırmadı. Dövlət başçısı qeyd etdi ki, biz müasir nəqliyyat infrastrukturuna böyük həcmdə investisiya yatırmışıq. Bakı dəniz limanı, Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, magistral yollar, Xəzər dəniz gəmiçiliyi, hava limanları - bütün bunlar neft və qaz satışından əldə etdiyimiz gəlirlər sayəsində mümkün olub. Trans-Xəzərə gəldikdə, Azərbaycan və Avropa İttifaqı Türkmənistan qazının nəqli ilə bağlı təkliflərini hələ xeyli əvvəl verib. Yekun qərar Aşqabaddan asılıdır. Əgər, Türkmənistan tərəfi öz qazını Trans-Xəzər Boru Kəməri ilə nəql etməkdə marağını reallaşdırmaq istəsə, bununla da bağlı qərar qəbul edilməlidir. Bundan sonra həmin layihəyə də sərmayə qoyulacaq. Bu qərarı isə məhz Türkmənistan hökuməti qəbul etməlidir və çox güman ki, qəbul edəcək də. Çünki, Azərbaycan regionda alternativlər təklif edən ölkədir. Bu isə indiki dövrdə olduqca vacib məqam olmaqla yanaşı, böyük şücaət tələb edən məsələdir. Həm nəqliyyatda, həm də enerji resurslarının daşınmasında Avarasiya mərkəzinə çevrilmək istəyinin addım-addım bax, beləcə reallaşdırılması neft pullarından strateji planda necə istifadə olunduğunu əyani göstərməkdədir. Pərviz Heydərov Azvision.az




Teqlər: Cənub-Qaz-Dəhlizi  





Xəbər lenti