İlham Əliyev 30 milyonluq sərəncam imzaladı

 İlham Əliyev 30 milyonluq sərəncam imzaladı
  15 Fevral 2019    Oxunub:2895
Prezident İlham Əliyev fevralın 15-də “Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorasiya işləri ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Azvision.az -ın məlumata görə, Sərəncamda qeyd olunub ki, son illərdə respublikada pambıqçılığın, taxılçılığın, digər kənd təsərrüfatı bitkiləri və heyvandarlıq məhsulları istehsalının genişləndirilməsi məqsədilə müasir tələblərə cavab verən su anbarlarının, nasos stansiyalarının, suvarma kanallarının və digər su təsərrüfatı obyektlərinin tikilməsi on minlərlə hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsinə, aqrar sektorun inkişafına, ən mütərəqqi standartlar səviyyəsində aqroparkların və iri kənd təsərrüfatı müəssisələrinin fəaliyyətə başlamasına zəmin yaradıb. Aqrar sahədə aparılan uğurlu islahatlar nəticəsində bir sıra strateji məhsullara tələbatın yerli istehsal hesabına tam ödənilməsinə, ölkənin ərzaq təminatında xarici bazardan asılılığın azaldılmasına, ixracyönümlü məhsulların istehsal həcminin artırılmasına və bununla da regionların davamlı inkişafına nail olunub.

Görülən işlərin davamı olaraq, Sabirabad və Salyan rayonlarındakı qış otlaqlarında meliorativ tədbirlər layihəsi çərçivəsində son iki il ərzində az məhsuldar qış otlaqlarında aparılmış meliorasiya işləri nəticəsində 15950 hektar, o cümlədən Sabirabad rayonunda 14319 hektar və Biləsuvar rayonunda 1631 hektar əraziyə suvarma suyu çatdırılıb.

Sərəncama əsasən, Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.8.27-ci yarımbəndində göstərilmiş məbləğin 30 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Azvision.az



Teqlər: İlham-Əliyev  





Xəbər lenti