“Taleh Bağırov dedi ki, mən gündəmdə qalmaq istəyirəm” - Penitensiar Xidmət

“Taleh Bağırov dedi ki, mən gündəmdə qalmaq istəyirəm”  -    Penitensiar Xidmət
  15 Fevral 2019    Oxunub:14661
Penitensiar Xidmət Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Taleh Bağırovun həyat yoldaşının verdiyi açıqlamaya münasibət bildirib.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə bəzi informasiya saytlarında müsahibə verərək həbsxanada cəza çəkən T.Bağırova qarşı müəssisə əməkdaşları tərəfindən təzyiqlər olması, vəkili ilə görüşə bilməməsi, telefon danışıqlarına icazə verilməməsi və bu səbəbdən onun uzun müddətdir ki, aclıq etməsi barədə həqiqətə uyğun olmayan fikirlər səsləndirib.

Penitensiar xidmət bildirir ki, həbsxana rəisi Aftandil Ağayev tərəfindən 12 fevral 2019-cu il tarixdə T.Bağırovun atası Kamil Bağırov və həyat yoldaşı Leyla İsmayılzadə qəbul edilib. Qəbul zamanı onlarla hərtərəfli izahedici söhbətlər aparılıb, narahatçılığa heç bir əsas olmadığı diqqətə çatdırılıb və qeyd olunub ki, T.Bağırova qarşı heç bir hüquqazidd hərəkətlərə yol verilməyib, vəkili və qohumları ilə görüşə, habelə telefon danışıqlarına lazımi şərait yaradılıb.

Lakin T.Bağırov vəkil Bəhruz Bayramovla görüşdən, eləcə də nəzərdə tutulmuş müddətlərdə təqdim edilən telefon danışıqlarından imtina edib. Bütün bu halların hər biri müvafiq qaydada sənədləşdirilib. Hətta qohumlarının narahatlığını anlayaraq həbsxana rəisi T.Bağırova xidməti otağında qohumları ilə görüşməsi üçün şərait yaradıb.

Otağa daxil olarkən T.Bağırov "Siz bura niyə gəlmisiniz, durun gedin" ifadəsini işlədərək kobud tərzdə narazı olduğunu göstərib, çılğınlıq edib. Müəssisə rəisi onu intizama dəvət edərək vəkilləri və qohumları ilə görüşə, telefon danışıqlarına şərait yaradıldığını və hansı səbəbdən bu hüquqlarından imtina etdiyini soruşduqda, "Mən gündəmdə qalmaq istəyirəm, bu mənim bir şansımdır" deyə T.Bağırov cavab verib, üzünü qohumlarına tutaraq "Gedin hər kəsə bildirin ki, mən aclıq edirəm" deyib.

Penitensiar xidmət bir daha bildirir ki, T.Bağırov ona qarşı hər hansı qanunazidd hərəkətlərə yol verilməsi, eləcə də aclıq etməsi barədə ərizə ilə müraciət etməyib, təhlükəsizliyi təmin olunmaqla bütün hüquqları qorunur.

Azvision.az


Teqlər: Penitensiar-Xidmət  





Xəbər lenti