Rusiyadan yeni silah və döyüş texnikasının alınması müzakirə olunub

 Rusiyadan yeni silah və döyüş texnikasının alınması müzakirə olunub
  15 Fevral 2019    Oxunub:2298
Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda fəaliyyət müddəti başa çatan Rusiya Federasiyasının Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik İqor Lobastov ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, görüşdə iki ölkə arasında hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin regionda təhlükəsizliyin təmin edilməsi üçün vacibliyi, ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bundan əlavə, görüşdə Rusiya istehsalı olan müasir, yüksək dəqiqlikli döyüş texnikası, silah və digər hərbi təyinatlı vasitələrin ordumuzun silahlanmasına daxil edilməsi, bu sahədə fəaliyyətlərin hər iki dövlətin qarşılıqlı anlaşma və razılığı əsasında daha da genişləndirilməsi və davamlılığı məsələləri müzakirə olunub.

Görüşdə iki ölkənin Silahlı Qüvvələrinin birgə hərbi təlimlərinin keçirilməsi, qarşılıqlı səfərlərin, işçi görüşlərinin təşkili, ekspertlər səviyyəsində təcrübə mübadiləsi, Rusiyanın hərbi məktəblərində kursant və mütəxəssislərin hazırlanması məsələlərinə də diqqət yetirilib.

Səmimi qəbula görə minnətdarlığını bildirən hərbi attaşe Azərbaycanla Rusiya arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.



Azvision.az



Teqlər: Rusiya   Azərbaycan   MN   Silah  





Xəbər lenti