Sürücülər üçün təlim dərsləri keçiriləcək

Sürücülər üçün təlim dərsləri keçiriləcək
  14 Fevral 2019    Oxunub:2213
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) məxsus Azərbaycanın ilk “Nəqliyyat Təlim-Tədris Mərkəzi” MMC sürücülərin peşəkarlığının, bilik və bacarıqlarının artırılması üçün ekstremal şəraitdə sürmə təlimi dərslərinin təşkilinə başlayıb.
DANX-dan Azvision.az -a verilən məlumata görə, təlimə dair layihənin açılış mərasimində beynəlxalq təcrübə mübadiləsi çərçivəsində Türkiyə Sürmə Akademiyasının icraçı direktoru, qabaqcıl mütəxəssis, fəxri nəqliyyat müfəttişi Çətin Böyükçınar və akademiyanın peşəkar təlimçiləri iştirak edib.

“Nəqliyyat Təlim-Tədris Mərkəzi” MMC-nin direktoru Aydın Ağayev mərkəzdə Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasından irəli gələn tələblər əsasında müxtəlif layihələrin, peşəkar heyətin iştirakı ilə təlimlərin daha da genişləndiriləcəyindən danışıb.

Ç.Böyükçınar isə bildirib ki, sürmə texnikasına mükəmməl yiyələnmək, ən ekstremal şəraitlərdə sükanı idarəetmə vərdişlərinin formalaşdırılması sürücünü də, digər yol iştirakçılarını da qəzalardan maksimum qorumağa xidmət edir. Xüsusilə ictimai nəqliyyatı idarə edən sürücülərin ekstremal vəziyyətlərə hakim olması sərnişin həyatı üçün çox önəmlidir.

Dərslərə 19 yaşdan yuxarı sürücülər dəvət edilir. Mərkəzdə sürmə təlimi driftket avadanlığı qoşulmuş avtonəqliyyat vasitələri ilə “Ekstremal şəraitdə sürmə təliminin keçirilməsinə dair hazırlığın plan və proqramı” əsasında nəzəri və praktik dərsləri əhatə edəcək. Müvafiq proqram üzrə kursu bitirən müdavimlərə sertifikatlar təqdim olunacaq.

Azvision.az


Teqlər: DANX   Təlim  





Xəbər lenti