“Peşə birlikləri haqqında” qanun layihəsi müzakirə olunub

“Peşə birlikləri haqqında” qanun layihəsi müzakirə olunub
  14 Fevral 2019    Oxunub:1596
Milli Məclisin insan hüquqları və hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda “Peşə birlikləri haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib. Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova deyib ki, parlament müxtəlif mövzular ətrafında ictimai müzakirələr, diskussiyalar, konfranslar təşkil edir, gündəmin mövzularına dair geniş müzakirələr açır və sosial təbəqələrdən gələn sifarişləri, istək və arzuları, mövcud problemlərin həlli yolları ilə bağlı təklifləri daim dinləyir, müzakirə edir və qanunların qəbulu prosesində bundan faydalanır. Bu səviyyədə çoxsaylı müzakirələr keçirilib, Milli Məclisin komitələrində, o cümlədən plenar iclasda müzakirə olunaraq bir çox qanunlar qəbul olunub ki, bunlar da bu gün həyatımızın müxtəlif sahələrini tənzimləyən vacib normativ hüquqi aktlara çevrilib.

Bahar Muradova qeyd edib ki, “Peşə birlikləri haqqında” qanun layihəsinin ictimai müzakirəsi hər şeydən əvvəl bu məsələ ilə bağlı vəziyyəti araşdırmaq, mövcud problemləri aradan qaldırmaq, inkişafa nail olmaq məqsədilə müxtəlif təcrübələri öyrənmək və qanunvericiliyimizə gətirmək üçün ilkin addımdır.

Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib ki, bu gün peşə birlikləri ilə bağlı fəaliyyət var. Sadəcə, mövcud ictimai münasibətlər qanunvericilik çərçivəsində tənzimlənmir. Bunu qanun formasına salıb təqdim etməyə ehtiyac var idi və biz bunu etdik. Bu qanun layihəsi həm dövlətin, həm də peşə birliklərinin maraqlarına uyğundur.

A.Quliyev bildirib ki, qanun layihəsi 4 fəsil, 17 maddədən ibarətdir. Bu qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 1-ci və 10-cu bəndlərinə uyğun olaraq, peşə birliklərinin statusunu, yaradılması və fəaliyyəti qaydasını müəyyən edir, müvafiq sahələr üzrə peşələrin inkişafını, peşə sahiblərinin qanuni maraqlarının qorunmasını təmin edir, peşə birliyi, onun üzvləri və üzvlərin mallarının (işlərinin, xidmətlərinin) istehlakçıları arasında yaranan münasibətləri tənzimləyir.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib ki, Prezident İlham Əliyevin iqtisadi islahatlar kursu hüquq sisteminin təkmilləşdirilməsi ilə ayrılmaz surətdə bağlıdır. Bu gün Azərbaycanda kifayət qədər mükəmməl hüquq sistemi yaradılıb. Amma, eyni zamanda, ictimai münasibətlər də yerində dayanmır, getdikcə daha mürəkkəbləşir, onun yeni xüsusiyyətləri, yeni sahələr ortaya çıxır. “Peşə birlikləri haqqında” qanun layihəsinin hazırlanması zərurətdən yaranan bir addımdır.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, ölkəmizdə genişmiqyaslı islahatlar aparılır. Bu islahatların əsas hissəsi hüquqi islahatlardır. Qeyd olunub ki, “Peşə birlikləri haqqında” qanun layihəsi dünya təcrübəsinə uyğundur. Komitə üzvləri layihəni konseptual baxımdan dəstəkləyərək bəzi təkliflər irəli sürüblər.

Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti