Nazirlik rüşvət iddiasına münasibət bildirib

   Nazirlik rüşvət iddiasına münasibət bildirib
  14 Fevral 2019    Oxunub:2960
Əlilliyin qiymətləndirilməsində vətəndaşla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) arasında təmas yoxdur.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, bir sıra sosial şəbəkə səhifələrində Cəfərov Vaqif Salman oğlu və Mustafayev Valeh Füzuli oğlunun onlara əlilik təyin olunması üçün rüşvət istənildiyinə dair iddiaları yayımlanıb.

ƏƏSMN bununla əlaqədar bildirir ki, əlillik təyin olunması üçün vətəndaşın Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) müraciət etməsi, onun TSEK-də əyani müayinə olunması praktikası hazırda mövcud deyil. Yəni indi heç kim ona əlillik təyin olunması üçün TSEK-ə müraciət etmir, əlillik qrupunun verilməsi prosesində vətəndaşla TSEK arasında heç bir kontakt baş vermir.

Bu proses elektron sistem tərəfindən həyata keçirilir. Belə ki, hər hansı şəxsin əlilliyinin qiymətləndirilməsi üçün müvafiq səhiyyə müəssisəsi tərəfindən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə göndəriş (forma 88) daxil edilir. Göndərişdə şəxsin kimliyi, hansı ünvanda yaşadığı, göndərişin hansı səhiyyə müəssisəsi tərəfindən verildiyi bilinmədən, yalnız göndərişdəki xəstəlik vəziyyəti əsasında bu və ya digər TSEK tərəfindən əlillik qiymətləndirilir və əlillik qrupunun təyin edilib-edilməməsi barədə qərar verilir. (Əgər şəxs bu qərardan narazı qalarsa, o zaman, müvafiq komissiya təşkil edilməklə, onun əlilliyinin qiymətləndirilməsi birbaşa özünün iştirakı ilə aparılmasına, əyani müayinəyə da şərait yaradılır.)

"Qeyd olunanlara əlavə olaraq bildiririk ki, indiyədək V.Cəfərov və V.Mustafayevlə bağlı elektron sistemə hər hansı göndəriş daxil olmayıb, eyni zamanda bu vətəndaşların Nazirliyə və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə hər hansı müraciətləri də olmayib. Səhiyyə müəssisəsi tərəfindən onlarla bağlı göndərişlər təqdim edildiyi təqdirdə əlilliyin qiymətləndirilməsi obyektiv şəkildə həyata keçiriləcəkdir.

Bir daha bildiririk ki, ƏƏSMN tərəfindən öz fəaliyyət sahələri üzrə xidmət sektorlarının şəffaflaşdırılmasına, vətəndaş məmnunluğunun təminatına yönələn islahatlar qarşıdakı dövrdə də davam etdiriləcək. Bu sahələrdə vətəndaşlarla ünsiyyətdə neqativ hallarla, rüşvət istənilməsi faktları ilə rastlaşan hər hansı vətəndaş 142-Çağrı mərkəzi və ya (012) 596 50 14 nömrələri ilə əlaqə saxlayaraq müraciət edə bilər. Hər bir belə müraciət ciddi şəkildə araşdırılacaq və nəticəsinə uyğun olaraq ciddi tədbirlər görüləcək", - məlumatda qeyd olunub.

Azvision.az



Teqlər: ƏƏSMN  





Xəbər lenti