Avropanı saran erməni mafiyası – ARAŞDIRMA

   Avropanı saran erməni mafiyası –    ARAŞDIRMA
  02 Fevral 2019    Oxunub:10802
Bugünlərdə Almaniyanın "Tagesspiegel" qəzetinin yaydığı məlumata əsasən, Federal Cinayət Polisi İdarəsi və 6 dövlət agentliyi “erməni mafiyası”nın üzvü olmaqda şübhəli bilinən 42 nəfərə qarşı 14 istintaq işi başladıb. Erməni cinayətkarlar çirkli pulların yuyulmasında, zorakılıqda, saxtakarlıqda şübhəli bilinirlər.
Ümumiyyətlə, son illərdə Avropada hökmranlıq edən erməni mafiyası və ona bağlı olan ayrı-ayrı kiçik qruplaşmaların “qoca qitə”nin təhlükəsizlik orqanları tərəfindən ifşa edilməsinin şahidi olduruq. Maraqlıdır ki, uzun illər boyunca Avropanın bir çox ölkələrində mafiya sistemi qurmağı bacaran, strukturlaşan ermənilər məhz indi Avropa ölkələrinin diqqətini çəkməyə başlayıb.

Məlumdur ki, ermənilər yaşadıqları bütün dövlətlərdə özlərinə məxsus cinayətkar şəbəkələr quraraq, müxtəlif kriminal əməllərlə məşğul olurlar. Əlbəttə ki, qanunsuz yollarla əldə etdikləri maliyyəni də bir çox hallarda yaşadıqları ölkənin siyasi liderlərini, media nümayəndələrini, parlament üzvlərini və iş adamlarını ələ keçirirlər. Bu mənada erməni lobbisinin arxasında elə dolayısı ilə mövcud olduqları ölkələrdəki erməni mafiyası durur.

Bəs, erməni mafiyası Avropanın konkret olaraq hansı ölkələrində mövcuddur?

Almaniya sistemləşmiş erməni mafiyası haqqında faktlar hələ 2010-cu ildən qabaq ictimaiyyətə, eləcə də alman xüsusi xidmət orqanlarına məlum idi. Almaniyanın bir sıra şəhər və əyalətlərində erməni mafiyası ailə-şəbəkə halında fəaliyyət göstərir. Misal olaraq, Berlin, Leypsiq, Yena, Halle, Erfurt və s. şəhərlərin adını çəkə bilərik. Bu ölkədə erməni mafiyasi müxtəlif adlar altında öz çirkli işlərini həyata keçirir.

Almaniyadakı cinayətkar erməni qruplaşmaları sırasına "Hells Angels", "Jocker", "Black Jackett", "United Tribuns" kimi cinayətkar qruplaşmalar daxildir. Avropol və İnterpolun hesabatlarında Almaniyadakı erməni "qanuni oğrular"ın sayının 670-900 civarında olduğu qeyd olunur. Bundan başqa, Almaniya və Avropada mövcud olan erməni mafiyasının İtaliya mafiyası ilə işgüzar əlaqələrinə dair dəlillər mövcuddur. Misal üçün, 2010-cu ildə erməni mafiyasının üzvləri narkotik satışı və insan alveri səbəbilə İtaliyada həbs oldunmuşdular.

Federal hökumətin rəsmi hesabatlarında qeyd olunur ki, erməni mafiyası ölkədə əsasən narkotika satışı, avtomobil ticarəti, fahişəxanalar və digər qeyri-qanuni yollarla maliyyə əldə edir. Almaniya Federal Cinayət məhkəmələri tərəfindən erməni mafiya üzvlərinə zaman-zaman minlərlə cinayət işi açılıb. Hələ 2015-ci ildə əyalət qanunverci orqanlarında keçirilən müzakirələrdə erməni mafiyasına diqqət çəkilirdi. Landtaqda müzakirələr zamanı Türingen əyaləti daxili işlər naziri Holqer Popenhenqer və hakim Xristian Demokratlar Birliyi partiyası erməni mafiyasının özbaşına fəaliyyətinə, cinayətlərinə, narkotik maddələrin geniş həcmdə satışını təşkil etdiklərinə qarşı ciddi mübarizə aparılmasını tələb ediblər.

Almaniyanın MDR televiziyası mövzunu yenidən gündəmə gətirərək "Almaniyada xaç ataları: erməni mafiyası və qanuni oğrular" adlı sənədli filmdə erməni mafiyasını ifşa edib. Maraqlıdır ki, həmin sənədli film Ermənistanın Almaniyadakı səfirliyinin təzyiqlərilə, məhkəmənin qərarı ilə efirə getmədi.

Avropa, o cümlədən Almaniyadakı erməni mafiyasının bu və ya digər formada himayədarı kimi, Ermənistan səfirliyi çıxış edir. Almaniyanın nüfuzlu "Şigel" nəşri yazır ki, erməni mafiyası ilə əlaqələr dolayısı ilə Ermənistanın Berlindəki səfirliyinə gedib çıxır. Qeyd olunur ki, Ermənistanın Almaniyadakı səfiri Aşot Smbatyanın bu işdə rolu olub. Bəzi hallarda hətta, erməni idmançılar da mafiya ilə əlaqəli olurlar. Misal olaraq, Almaniyada yaşayan erməni əsilli məşhur boksçular Karo Murat və Artur Abrahamyanın da adı mafiya ilə əlaqədə hallandırılır.

2018-ci ildə "Erfurt Thüringer Allgemeine" qəzeti Almaniyada uzun illər ərzində formalaşmış, ermənilərə məxsus saxta kredit biznesinin ifşa etdi. Nəşrin yazdığına görə, erməni saxta kredit klanının əlaqələri Türingiya tikinti əmanət kassasına, Türingiya mərkəzi əmanət kassasına, o cümlədən, digər banklara gedib çıxır. Erməni mafiyası bu yolla çirkli pulları yuyurmuş. Bundan başqa, əksər hallarda kreditləri uydurma şəxslər alıblar. Müvafiq təkliflər üçün banklarda əməkhaqqı, vergi haqqında arayışlar və digər sənədlər saxtalaşdırılıb. Banklar kreditləri saxta sənədlərə əsasən veriblər.

Narkotik ticarəti ilə məşğul olan erməni mafiya qruplaşmasının 2 üzvü nəhayət, 2018-ci ildə Almaniya polisi tərəfindən xüsusi əməliyyat keçirilərək, həbs olundu. Təəssüf ki, Almaniya təhlükəsizlik orqanları ölkədə qanunsuz fəaliyyətlə məşğul olan erməni mafiya təşkilatlarına qarşı hələ ki kütləvi həbslərə başlamayıb. Belə bir addımın atılmamasını müxtəlif səbəblərlə əlaqələndirirlər.

İspaniya daxili işlər nazirliyinin 2018-ci ilin iyun ayındakı açıqlaması hələ o zaman Ermənistanın Madriddəki səfirliyini tərəfindən etirazla qarşılanmışdı. Belə ki, İspaniya daxili işlər nazirliyinin ermənilərdən ibarət böyük bir cinayətkar qruplaşmanı həbs etməsi və açıqlamasında "erməni mafiyası" ifadəsini işlətməsi Ermənistan tərəfindən birmənalı qarşılanmadı. Kataloniya polisi tərəfindən keçirilən iri əməliyyat nəticəsində erməni mafiyası ölkədə törətdikləri müxtəlif cinayət əməllərindən, həmçinin qanunsuz fəaliyyətinə görə, həbs olunmuşdu.

İspaniya təhlükəsizlik orqanları tərəfindən verilən açıqlamada vurğulanırdı ki, sözügedən erməni mafiyası Avropanın hər yerində narkotik, silah ticarəti, tütün qaçaqmalçılığı, çirkli pulları yuyulması, qumar oyunlarına nəzarət, mülkiyyət cinayətləri və s. kriminal əməllərdə təqsirkar bilinən erməni mafiyasının 100-dən çox üzvü həbs olunmuşdu. Kataloniya polisi tərəfindən həbs olunan mütəşəkkil cinayətkar qruplaşmaya qarşı əməliyyat Madrid, Valensiya, Alisenti, Albasate və digər başqa şəhərlərdə həyata keçirilmişdi.

Maraqlıdır ki, kütləvi həbslərlə bağlı Ermənistan hakimiyyəti çox ciddi narahatçılıq keçirmişdi. Buradan da belə aydın ola bilər ki, Ermənistanın İspaniyadakı səfirliyinin erməni mafiyasına qarşı reallaşdırılan böyük həbslərlə bağlı rəsmi və müəyyən mənada sərt açıqlama verməsi, əslində səfirliyin mafiya ilə birbaşa, ya da dolayısı ilə əlaqəsin olmasına əsaslı şübhələr yaradır.

Fərrux Həsənov
Azvision.az üçün



Teqlər:





Xəbər lenti