Heç nədən hay-küy: Nazirin bəyanatını devalvasiyaya yozmaq yanlışdır – TƏHLİL

  Heç nədən hay-küy:  Nazirin bəyanatını devalvasiyaya yozmaq yanlışdır –  TƏHLİL
  07 Dekabr 2018    Oxunub:22754
Maliyyə naziri Samir Şərifov qeyd edib ki, milli valyutanın, yəni manatın son dərəcə möhkəmlənməsi Azərbaycan üçün faydalı deyil. "Güclü manat Azərbaycan istehsalçılarının ixrac potensialına mənfi təsir edir",- deyə o bildirib. Şərifovun bu sözlərini çoxları ciddi-cəhdlə növbəti devalvasiyanın anonsu kimi qələmə verməyə çalışırlar.
Hətta hesablamalar da aparırlar ki, hökumət gələn il üçün dövlət büdcəsinə Neft Fondundan (ARDNF) 11 milyard 364 milyon manat vəsait transfer etməyi qarşısına məqsəd qoyubsa, manatı müəyyən həddə ucuzlaşdırmağa gedərsə, filan məbləğdə dolllara, yəni xarici valyuta məbləğinə qənaət etmiş olacaq. Belə ki, indiki kursla ARDNF dövlət büdcəsinə gələn il öhdəliyini yerinə yetirməkdən ötrü, 6 milyard 685 milyon dollar vəsait sərf etməli olacaq. Başqa sözlə desəm, valyuta bazarına adı çəkilən qurum tərəfindən qeyd olunan məbləğdə valyuta çıxarılaraq satılmalıdır ki, bu, 1$=1,70 azn məzənnəsinə uyğun olaraq, 11 milyard 364 milyon manat məbləğində vəsaitin büdcəyə köçürüləcəyi deməkdir. Yox, əgər, manat ucuzlaşdırılarsa, dollara qənaət ediləcək.

Bəri başdan qeyd edim ki, maliyyə nazirinin açıqlaması növbəti devalvasiya xəbərdarlığı demək deyil. Əvvəla, bundan sonra rəsmi şəkildə bəyan edilməklə, heç bir devalvasiya hadisəsi baş verəsi deyil. 2016-cı ildən bu məsələ valyuta bazarının öhdəsinə buraxılıb. Cəmi 2 dəfə rəsmi olaraq elan edilməklə, manatın devalvasiyası baş verib ki, bu da 2015-ci ilin fevral və dekabr aylarında olub. Sonrakı, yəni 2016-cı il ərzində isə 15%-lik devalvasiya qeydə alındı ki, bu, tədricən baş verdi. Odur ki, qarşıdakı zamanda da nə vaxtsa yenidən rəsmi olaraq elan edilməklə manatın ABŞ dolları qarşısında filan qədər ucuzlaşdığını eşitmək mümkün olmayacaq. Manatın hər hansı bir formada və səviyyədə devalvasiyası baş verəcəksə, bunu Azırbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi məlum ənənəvi valyuta hərraclarının nəticəsində biləcəyik.

Sözügedən hərraca valyuta çıxaran isə dünən olduğu kimi, bu gün də hələlik yalnız məhz ARDNF-dir. Yəni ölkəyə xarici valyuta gətirən başqa şirkətlərimiz yoxdur. Söhbət daxili valyuta bazarında manata mübadilə etmək üçün xarici valyuta çıxara biləcək şirkətlərdən gedir. Buna nail olmaq üçün hələ uzun vaxt tələb olunur. Ona görə də, S.Şərifov xatırladıb ki, xarici məhsullar ixrac üçün daha az rəqabətə davamlı olur və digər tərəfdən, yerli istehsalçılar daxili bazarda da rəqabətdə uduzmağa başlayırlar, o səbəbdən ki, idxal malları ucuz xarakter daşıyır.

Bəli, manat dollara görə nə qədər ki, ucuz olacaq, bu, belə qalacaq. Çünki mövcud ixrac gücümüz bu vəziyyəti aradan götürməyə imkan vermir. İxrac etdiyimiz məhsullar sırasında xam neft 95-98 % təşkil edir. Tutarlı qeyri-neft məhsulumuz yoxdur. Bu sahədə çox işlər görülür. Amma hələ vaxt lazımdır.

Sözün qısası, manatımızın dəyəri neftin ixrac qiymətindən asılıdır. 2015-2016-cı illərdə devalvasiya nəticəsində manat dollara nisbətən iki dəfədən çox ucuzlaşıb. 2017-ci ildə manat Mərkəzi Bank (AMB) tərəfindən həyata keçirilən sərt valyuta siyasəti nəticəsində 4%, 2018-ci ilin 11 ayı ərzində isə 0,01% möhkəmlənib.

ABŞ prezidenti Donald Tramp OPEC və OPEC+ ölkələrininin növbəti iclası ərəfəsində bəyanat verib ki, inanır ki, hasilat indiki səviyyədən aşağı salınmayacaq. Yəni, ABŞ istəmir ki, neftin dünya bazar qiymətləri bahalaşsın. Ancaq adı çəkilən kartel ölkələri isə neftin çox da ucuz olmasını istəmirlər. Yəni, dövlət gəlirləri enerji resurslarından asılı ölkələr də bunda maraqlı deyillər. Odur ki, məsələ qalıb çox mürəkkəb bir vəziyyətdə...

Hesab edirəm, OPEC və OPEC+ ölkələrininin növbəti iclasında neftin 55-60 dollar aralığında qalması haqda müvafiq razılığa gəlinəcək. Bu qiymət aralığı əslində, hamı üçün sərfəlidir. O ki qaldı maliyyə nazirimiz Samir Şərifovun manatın çox da möhkəm olmasının sərfəli olmadığı haqda dediklərinə, bu da aydın məsələdir. Belə ki, nə qədər ki, neftin qiyməti 60 dollar civarındadır, manatın dəyəri ucuzlaşmağa deyil, bahalaşmağa meyillidir. 50 dollardan aşağı düşərsə isə, məzənnəni saxlamaq çətinləşəcək. Belə bir ehtimal isə hələ ki yoxdur. Olsa da, hökumət çalışacaq ki, manatı saxlasın. İndi bahalaşmağa qoymadığı kimi.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: Manat   Samir-Şərofov   Devalvasiya  





Xəbər lenti