Elçin Quliyev yığma komanda ilə görüşüb - FOTOLAR
Avqust ayının 25-də Dövlət Sərhəd Xidmətinin rəisi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının Prezidenti general-polkovnik Elçin Quliyev Polo üzrə Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb.
Səmimi və çay süfrəsi arxasında keçən görüş zamanı yığma komandanın Avropa birinciliyinə hazırlıq vəziyyəti müzakirə olunub. General-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərdiyi ali diqqət va qayğı nəticəsində atçılıq idman növlərinin son illər ərzində böyük inkişaf yolu keçməsini, xüsusən polo sahəsində önəmli nəticələrin əldə olunmasını xüsusi qeyd edib. 2015-ci ildə Bakı şəhərində keçirilmiş Arena Polo üzrə Avropa birinciliyində Azərbaycan millisinin qələbəsinin Avropanın aparıcı polo komandalarını yığmamıza hörmətlə yanaşmağa və Azərbaycan idmançıları ilə görüşlərə ciddi hazırlaşmağa məcbur etməsi vurğulayıb.
Azərbaycan Respublikası Atçılıq Federasiyasının Baş Katibi Bəhruz Nəbiyev milli yığmanın üzvlərinin səfəri ilə əlaqədar təşkilati məsələlər barədə məlumat verib. Milli yığmanın məşqçisi Namiq Orucov komandanın qitə birinciliyinə hazırlıq vəziyyəti barədə məlumat verib və idmançılar üçün yaradılan məşq şəraitinə, Almaniyada təşkil olunmuş təlim-məşq toplanışlarına görə minnətdarlığını bildirib.
Dövlət Sərhəd Xidmətinin rəisi, Azərbaycan Respublikasının Atçılıq Federasiyasının Prezidenti general-polkovnik Elçin Quliyev yığma komandanın səfəri ilə əlaqədar zəruri tapşırıq və tövsiyələrini verib, idmançılara Avropa birinciliyi kimi mötəbər turnirdə Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağını ucaltmaq şərəfini yaşamağı arzu edib.
AzVision.az