Qrant müsabiqəsinin nəticələri açıqlandı

Qrant müsabiqəsinin nəticələri açıqlandı
  07 İyun 2018    Oxunub:2591
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF), Federal dövlət büdcə təşkilatı “Rusiya Fundamental Tədqiqatlar Fondu” (RFTF) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında imzalanmış əməkdaşlıq haqqında üçtərəfli saziş çərçivəsində 2017-ci il martın 28-də elan olunmuş birinci Azərbaycan-Rusiya üçtərəfli birgə beynəlxalq qrant müsabiqəsinin nəticələri açıqlanıb.
Fonddan AzVision.az-a verilən xəbərə görə, müsabiqədə iştirak etmək üçün layihələr 2017-ci il martın 28-dən iyunun 29-dək qəbul olunub. Müsabiqəyə layihələr Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e-QRANT”=“Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə təqdim edilib. Nəticələr Elmin İnkişafı Fondu və Rusiya Fundamental Tədqiqatlar Fondunun Birgə Komissiyasında da müzakirə olunub.

1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 2 milyon 630 min manat olmaqla 20 qalib layihə müəyyənləşdirilib. Uğur dərəcəsi (daxil olan və qalib olan layihələrin sayı üzrə) 28.76% olub və bu rəqəm beynəlxalq təcrübəyə uyğundur. Multidissiplinar və tətbiqi xarakterli tədqiqatlara, müxtəlif akademik və təhsil qurumlarından, sahə elmi-tədqiqat institutlarından olan alim və mütəxəssislər tərəfindən yerinə yetirilməsi planlaşdırılan elmi-tədqiqat mövzuları üzrə təqdim olunmuş layihələrə elmi ekspertizanın nəticələri əsasında seçim zamanı üstünlük verilib. Müsabiqə üzrə qalib layihələr AMEA-nın Fizika, Riyaziyyat və Mexanika, İnformasiya Texnologiyaları, Kataliz və Qeyri-üzvi Kimya, Aşqarlar Kimyası, Neft-Kimya Prosesləri, Geologiya və Geofizika, Neft və Qaz, Botanika, Fiziologiya, Molekulyar Biologiya və Biotexnologiyalar, Arxeologiya və Etnoqrafiya institutlarında, Şamaxı Astrofizika Rəsədxanasında, Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında, Respublika Seysmoloji Xidmət Mərkəzində, həmçinin Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu, “Azərkosmos” ASC, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində yerinə yetiriləcək.

Azərbaycan alimləri Rusiya EA Fizika-Texnologiya İnstitutu, Yer Maqnetizmi, İonosferi və Radiodalğaların Yayılması İnstitutu, Baş (Pulkovo) Rəsədxana, İnformasiyanın Ötürülmə Problemləri İnstitutu, Yer Fizikası İnstitutu, Bitkilərin Fiziologiyası İnstitutu, Biologiyanın Fundamental Problemləri İnstitutu, Rusiya EA Sibir Bölməsinin Energetika Sistemləri İnstitutu, Rusiya EA Dağıstan Elmi Mərkəzinin Geologiya İnstitutu, Rusiya EA Kazan Elmi Mərkəzinin Kazan Fizika-Texnika İnstitutu, Sankt-Peterburq Dövlət Universiteti, Moskva Dövlət Universiteti, Ufa Dövlət Neft Texniki Universiteti, Rusiya Dövlət Neft-Qaz Universiteti, Rusiya Xalqlar Dostluğu Universitetinin Riyaziyyat İnstitutu, Başqırdıstan Dövlət Pedaqoji Universiteti və digər qurumlardan olan həmkarları ilə əməkdaşlıq edəcəklər.

Qalib layihələrin hamısı fundamental-tətbiqi xarakterlidir. Fizika-riyaziyyat və texnika elmləri üzrə 9 layihə, Kimya elmləri üzrə 4 layihə, Yer haqqında elmlər üzrə 3 layihə, Biologiya, tibb və aqrar elmləri üzrə 3 layihə, Humanitar və ictimai elmlər üzrə isə 1 layihə qalib olub. Qalib layihə rəhbərlərindən 3-ü qadındır.

Layihələrin icra müddəti 24 aydır. Layihələrin maliyyələşdirilmə həcmi 60 – 185 min manat arasında dəyişir. Qalib layihələr 2018-ci ilin 2-ci yarısından başlayaraq maliyyələşdiriləcək. Müsabiqənin nəticələri ilə www.sdf.gov.az internet səhifəsində tanış olmaq olar.

AzVision.az


Teqlər: AMEA  





Xəbər lenti