“Olimpiadanın suallarında ciddi qüsurlar var” - Təhsil eksperti

“Olimpiadanın suallarında ciddi qüsurlar var” - Təhsil eksperti
  17 May 2018    Oxunub:2657
Təhsil Nazirliyi beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün təkliflər hazırlayıb.
Təhsil naziri Ceyhun Bayramov bildirib ki, təkliflər paketində şagirdlərin olimpiadada iştirakını stimullaşdırmaq üçün dünya fənn olimpiadaları qaliblərinin istənilən ixtisas, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənn üzrə ali məktəblərə müsabiqədənkənar qəbul olunması nəzərdə tutulub.

Təhsil eksperti Kamran Əsədov AzVision.az-a bildirib ki, respublika fənn olimpiadalarının beynəlxalq olimpiadalarla eyniləşdirilməsi düzgün deyil.

Ekspert qeyd edib ki, respublika fənn olimpiadaları ümumtəhsil müəssisələrinin 9-11-ci sinif şagirdləri arasında ayrı-ayrı fənlər üzrə xüsusi istedadı olan şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, şagirdlərin həmin fənlərə olan maraqlarının artırılması məqsədilə, hər il keçirilən, ölkənin bütün şəhər və rayonlarının məktəblərini əhatə edən elm yarışıdır.

““Təhsil haqqında” qanuna əsaəsən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların (Müsabiqədənkənar qəbul olmağa əsas verən beynəlxalq müsabiqə və yarışların siyahısı) qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Təkcə keçən il "Ali məktəblərə müsabiqədən kənar qəbul olunmaq üçün Dövlət İmtahan Mərkəzinə 54 nəfər müraciət etmişdi. Onlardan 7-si musiqi sahəsi üzrə, 47-si isə idman sahəsi üzrə idi. Yeni təkliflərə əsasən yerli olimpiyada qaliblərinin də müsabiqədənkənar ali məktəbə qəbul olunması nəzərdə tutulur. Bu, düzgün deyil. Çünki Azərbaycanda Təhsil Nazirliyi tərəfindən həyata keçirilən olimpiadalar dünya standartlarına cavab vermir”.

Ekspert hesab edir ki, respublika fənn olimpiadalarında təqdim edilmiş test tapşırıqları, suallar beynəlxalq standartlara uyğun şəkildə tərtib olunmayıb.

“Yerli olimpiadanın təşkili, yoxlanması problem şəraitində həyata keçirilir. Bəzi hallarda yerli turlarda haqsızlıq olur. Hətta bu il keçirilən olimpiadanın suallarında ciddi qüsurlar var idi. Tərtib edilmiş test tapşırıqları şagirdlərin heç bir bacarığını yoxlamağa imkan vermir. Ali məktəblərə qəbul aparmaq üçün bu kimi vasitələrə əl atmaq lazım deyil. Bunun əvəzinə qəbul imtahanları sadələşdirmək lazımdır.

Həmçinin təkliflərdə qeyd edilir ki, beynəlxalq olimpiada qalibləri istənilən ixtisas üzrə qəbul ola bilər. Bu, ümumiyyətlə düzgün yanaşma deyil. Kimsə kimya üzrə qalib olsa, gedib hüquq təhsili ala bilər? Bu, həm də digər fənlərə qarşı haqsızlıqdır. Çünki orta məktəbdə tədris olunan bütün fənlər üzrə respublika olimpiyadası keçirilmir. Beynəlxalq olimpiada fənləri isə daha məhduddur. Ancaq texniki fənlər üzrə beynəlxalq olimpiadalar var. Bu, humanitar fənlərə qarşı haqsızlıqdır”.

K.Əsədov bildirib ki, yeniliyə əsasən hüquqları pozulan təkcə olimpiada aparılmayan fənlərin həvəskarları deyil, eyni zamanda rus və ingilis bölməsində təhsil alan şagirdlərdir: “Bildiyiniz kimi, olimpiadalar ancaq Azərbaycan bölməsi üçün həyata keçrilir. Rus və digər bölmələrin şagirdləri isə iştirak edə bilmirlər. Nazirlik ali təhsilin əlçatımlılığı üçün bundan əvvəl də təklif irəli sürmüşdü. Belə ki, 2016-cı ildə keçmiş təhsil Naziri Mikayıl Cabbarov ali məktblərdə hazırlıq qruplarının açılması ilə bağlı təklif vermişdi. Hətta bununla bağlı ciddi hazırlıqların getdiyi bildirilmişdi. Lakin bu da təklif olaraq ortada qaldı. Bu tipli Nazirliyin çoxlu sayda təklifləri var ki, sonda yalnız ictimai müzakirə səviyyəsində qalıb”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil   Kamran-Əsədov  





Xəbər lenti