“Test tapşırıqlarının heç biri yeni deyildi” - Ekspert DİM-i qınadı

“Test tapşırıqlarının heç biri yeni deyildi” - Ekspert DİM-i qınadı
  14 May 2018    Oxunub:2817
Ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə imtahan keçirib.
Məlumata görə, hazırda protokolların oxunması prosesi gedir və abituriyentlərin nəticəsi sabah və ya birisi günə bəlli olacaq.

Təhsil eksperti Kamran Əsədov AzVision.az-a bildirib ki, dünən baş tutan qəbul imtahanları əvvəlki illərlə müqayisədə heç nəyi ilə fəqlənmədi. Ekspertin sözlərinə görə, imtahana qatılanların sayında ciddi fərq hiss olunurdu.

“Diqqətimi çəkən bir neçə məqam var idi. Dünən II və III qruplarda istifadə olunmuş test tapşırıqlarının heç biri yeni deyildi. Belə ki, bütün test tapşırıqları 2010-cu ildən bəri qəbul və sınaq imtahanlarında dəfələrlə istifadə olunmuş, siniflər üzrə çap olunmuş test kitabçasında və Dövlət İmtahan Mərkəzinin fənlər üzrə nəşr etdirdiyi test banklarda olan suallar idi. Orta səviyyədə, qəbula 30-40 faiz hazırlaşmış test toplularını işləmiş abituriyent repetitor yanına getmədən 250-300 bal toplaya bilər. Mənim heç ümid etmədiyim, zəif nəticə gözlədiyim abituriyentlərim belə 280-310 balı rahatlıqla toplaya biliblər. Yüksək hazırlıqlı abituriyentlər isə 600 dən çox bal toplayıblar”.

Təhsil eksperti bildirib ki, bu il III ixtisas qrupu üzrə toplanan ballar keçən illə müqayisədə yüksələcək, II qrupda isə ballar keçən illə müqayisədə aşağı düşəcək.

“Ümumilikdə, 2018-2019-cu tədris ili üçün keçrilən qəbul imtahanları 26 ildir tətbiq edilən ənənəvi üsulla sonuncu qəbul imtahanıdır. 2019-cu ildən etibarən qəbul imtahanları yeni formatda keçiriləcək. On görə də Dövlət İmtahan Mərkəzi daha çox əvvəlki illərin məzunları gələn ilə qalmasın deyə, qəbul imtahanlarında daha sadə test tapşırığı nümunələrindən istifadə etdi”.

Aytən Zəhra
AzVision.az


Teqlər: kamran-Əsədov   Təhsil   Ekspert  





Xəbər lenti