45 şagird olimpiadada qızıl medal qazanıb

45 şagird olimpiadada qızıl medal qazanıb
  11 May 2018    Oxunub:2219
Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri bəlli olub.
Təhsil Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, Olimpiadanın ümumi nəticələri barədə məlumatı www.olimp.istedad.edu.az saytından əldə etmək mümkündür. Olimpiadada 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla ümumilikdə 276 nəfər qalib elan olunub. Olimpiada qaliblərinin mükafatlandırılma mərasimi mayın 15-də keçiriləcək.

Qeyd edək ki, fevralın 4-də ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib. Bilik yarışında 33 mindən çox şagird iştirak edib.

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Qızıl-medal  





Xəbər lenti