“Qanımızı yumağa su tapmırdıq” - 73 illik Qələbənin canlı şahidləri danışır (VİDEO)

“Qanımızı yumağa su tapmırdıq” - 73 illik Qələbənin canlı şahidləri danışır (VİDEO)
  09 May 2018    Oxunub:12574
İkinci Dünya Müharibəsində faşizm üzərində qələbə bir çox xalqlar kimi azərbaycanlıların da qanı bahasına, maddi sərvətlərin itirilməsi və böyük çətinliklər hesabına əldə edilib. Bu gün qələbənin 73 illiyini qeyd edən veteranlarımız həmin günləri həm sevinc, həm də kədər hissi ilə xatırlayırlar.
Müsahibimiz 93 yaşlı Tacirə Qazıyeva 1941-ci ildə müharibəyə tibb bacısı kimi gedəndə 17 yaşı olub. Həyatının iki ili müharibənin odlu-alovlu çağında keçib. Tacirə xanım 11 uşaq və 85 nəvə, nəticə sahibidir.



“Müharibədə yaralanandan sonra geri qaytarıldım. Stalinqradda, Mozdokda, Kirovqradda, Kiyevdə döyüşmüşük. İndi də yaralıları aparmağımı, onların sızltısını xatırlayıram. İynə vuranda qorxurdum, təzə öyrənmişdim. Yaralılardan biri o qədər arıq idi ki, bir dəfə ona iynə vura bilmədim. Baş həkim soruşdu ki, iynəni vurdun? Dedim, köklərə vurdum, arıqlara yox. Nə çox sızıldayan yaralı gördük. Yeməyə çörək tapmırdıq. Qanımızı yumağa su da yox idi”.



Berlində gedən döyüşdə iştirak edən azərbaycanlılardan biri də Seyfulla Baxışov olub. O, müharibədə topçu kimi iştirak edib.

“Müharibəyə 1943-cü ildə getmişəm. Sevastopol, Ukraynada olmuşam. Dünyanın o başına gedib çıxmışdıq. Berlinə girmək olmurdu. Ancaq çətinliklə də olsa Berlinə daxil ola bildik. Stalin əmr vermişdi ki, Berlin alınandan sonra əsgərlər və zabitlərə 3 günlük sərbəstlik verilsin”.



Həmsöhbətimiz alman qızlarla tanış olması haqda suala - “iki alman qızı alıb gətirdim, birin qonşuma, birini də özümə", - deyə zarafatla cavab verib.

İkinci Dünya Müharibəsində kəşfiyyatçı olan İsmayıl Fərəcov da Berlinə kimi gedib. Onun sözlərinə görə, gün ərzində minlərlə insanın öldüyü savaşda sağ qalmaq möcüzə idi.

“Mən kəşfiyatçı olmuşam. Müharibədə alnımdan və qabırğamdan yaralanmışdım. Marşal Qreçkov deyirdi ki, "Qafqazda müharibə olanda azərbaycanlılar bir nəfər kimi cəbhəyə girdilər. Yüksək keyfiyyətli benzin vaqonları yolladılar. Həmişə köməklik etdilər". Berlinə qədər gedib çıxmışam. Almaniyanın yerli əhalisi bizi sakit qarşıladı. Mədəni davrandılar. Hamamlarında çimməyə icazə verirdilər. Orada bir alman qızı xoşuma gəlmişdi. Ancaq ana-atama görə orada qala bilmədim.



Döyüşlərdə Naxçıvandan bir yerlimiz var idi. İki gözü müharibədə kor olmuşdu. O, Almaniyada bir qızla evləndi. Həmin qızla Naxçıvana qayıtdı. İndi də Naxçıvanda yaşayırlar, bir neçə uşaqları var".

Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: Qələbə-Günü   9-May  





Xəbər lenti