Müəllimlər üçün elektron sınaq imtahanı keçiriləcək

Müəllimlər üçün elektron sınaq imtahanı keçiriləcək
  04 May 2018    Oxunub:3618
Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi müəllimlərin işə qəbulu imtahanına hazırlaşanlar üçün elektron sınaq imtahanları keçirəcək.
İnstitutdan AzVision.az-a verilən məlumata görə, mayın 6-dan etibarən Bakıda Təhsil Texnologiyaları Mərkəzi tərəfindən bütün fənlər üzrə sınaq imtahanlarının keçirilməsinə başlanılacaq.

Elektron formatda və real imtahan prosesinə uyğun olaraq keçiriləcək sınaq imtahanları 60 sualdan (40-ı ixtisas, 10-u məntiq, 10-u tədris metodikası və təlim strategiyalarına aid) ibarət olacaq. İmtahanın müddəti 90 dəqiqə nəzərdə tutulub.

Mayın 6-da keçiriləcək birinci sınaq imtahanı dörd fənn üzrə (ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və ingilis dili) və yalnız Azərbaycan bölməsi üçün planlaşdırılıb.

Real imtahan şəraitini hiss etmək istəyən və müəllim olmağa namizəd şəxslər sınaq imtahanında iştirak edə bilmək üçün www.ttm.edu.az saytında qeydiyyatdan keçməli, daha sonra imtahana buraxılış vərəqini çap edib şəxsiyyət vəsiqəsi ilə birlikdə imtahana gətirməlidirlər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə sınaq imtahanları mütəmadi olaraq həftə sonları keçiriləcək. Bundan başqa, imtahan yekunlaşan zaman nəticələri dərhal öyrənmək mümkün olacaq, həmçinin səhvlərə baxmaq üçün əlavə vaxt da ayrılacaq.

AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   İmtahan  





Xəbər lenti