Müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək
  03 May 2018    Oxunub:3410
Cari ilin mayında Təhsil Nazirliyi tərəfindən müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsi keçiriləcək.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, qiymətləndirmədə aşağıda adıçəkilən kateqoriyaya aid şəxslər iştirak edə bilər:

- əsas iş yeri olaraq müddətsiz əmək müqaviləsi əsasında işləyən müəllimlər;
- gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri;
- direktor, direktor müavinləri;
- məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçılar;
- yerli təhsili idarəetmə orqanlarında dövlət qulluğu və metodist vəzifələrində çalışanlar.

Diaqnostik qiymətləndirmədə əvvəlki imtahanlarda aşağı nəticə göstərən, ikinci ixtisası üzrə tədris aparan, habelə daha öncə diaqnostik qiymətləndirmədən keçməyən şəxslər də iştirak edə bilərlər.

Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində yalnız təhsil sənədləri dövlət nümunəli olan və mövcud qaydaların tələblərinə uyğun şəkildə işə qəbul olunmuş şəxslərin iştirakına icazə verilir.

Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin elektron ərizələrinin sistemə daxil edilməsi 3-11 may 2018-ci il tarixlərində yerli təhsili idarəetmə orqanları tərəfindən həyata keçiriləcək. Bununla əlaqədar namizədlər sözügedən orqanlara müraciət edə bilərlər.

Hər hansı sual və ya müraciətlə bağlı Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzi (“Qaynar xətt” xidməti, telefon: 146) və ya Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzi (012 430 52 78; 012 430 57 79) ilə əlaqə saxlamaq mümkündür.

AzVision.az


Teqlər: müəllim   imtahan  





Xəbər lenti