Gəmiqayırma Zavodunda iki tanker tikilir

Gəmiqayırma Zavodunda iki tanker tikilir
  30 Yanvar 2018    Oxunub:1873
Azərbaycanda səfərdə olan Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyəti ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev arasında görüş keçirilib.
AzVision.az xəbər verir ki, görüşdə “AXDG” QSC-nin sədri Rauf Vəliyev ölkəmizdə reallaşdırılan nəqliyyat-logistika layihələri, o cümlədən Gəmiçiliyin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verib. O bildirib ki, bu gün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzərdə Avropa və Asiya arasında ən qısa körpü rolunu oynayır. Hazırda Gəmiçilik Xəzərdə yeganə bərə operatorudur. Donanmanın yenilənməsinin əsas məqsədlərindən biri olduğunu diqqətə çatdıran “AXDG” QSC-nin sədri ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən böyük istehsal gücünə malik Bakı Gəmiqayırma Zavodunda Gəmiçilik üçün hazırda 2 ədəd unikal Ro-Pax gəmi-bərəsinin və iki tankerin tikildiyini vurğulayıb.

Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey Azərbaycanın nəqliyyat-logistik imkanlarının genişlənməsini, yükdaşımalarda Gəmiçiliyin fəaliyyətini, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini, Azərbaycanın nəqliyyat-logistik qovşağına çevrilməsi istiqamətində reallaşdırılan digər layihələri yüksək qiymətləndirib. O, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.

Görüşdə eyni zamanda Gəmiçiliyin tranzit xidmətləri haqqında qonaqlara məlumat verilib və şirkətin fəaliyyətini əks etdirən təqdimat nümayiş etdirilib.

AzVision.az


Teqlər: AXDG   Gəmi  





Xəbər lenti