Ötən il 877 dövlət əmlakı özəlləşdirilib

Ötən il 877 dövlət əmlakı özəlləşdirilib
  29 Yanvar 2018    Oxunub:1667
Ötən il ərzində keçirilib 20 “Kütləvi çıxarış” kampaniyasının 5-i paytaxt rayonlarında, 15-i isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutub. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə 2017-ci il ərzində vətəndaşlardan 80 mindən çox müraciət qəbul olunub.
AzVision.az xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsində ötən il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən geniş müşavirədə komitə sədri Kərəm Həsənov deyib.

O, qeyd edib ki, komitənin çağrı mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Komitənin aparatında müasir standartlara cavab verən 193 nömrəli vahid çağrı mərkəzi yaradılibdır. Ötən il ərzində 193 saylı Vahid Çağrı Mərkəzi, Komitənin sosial şəbəkələri və internet resursları vasitəsilə onlayn olaraq vətəndaşlardan 5000-ə yaxın müraciət daxil olub və cavablandırılıb.

Komitə sədri bildirib ki, 2017-ci il ərzində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Bakı şəhəri və respublikanın digər şəhər və rayonları üzrə ümumilikdə 197 hərrac keçirilib: “Bu dövrdə 877 dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilibdir. Keçirilən investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən müəssisələrə hesabat dövrü ərzində 6 milyon manat investisiya yatırılib, 132 yeni iş yeri yaradılibdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq torpaqların elektron kadastr uçotunun aparılması, yerquruluşu, geodeziya istiqamətində işlər davam etdirilibdir. 2017-ci ildə 14 rayonda torpaqların elektron uçota alınması işi tam yekunlaşıb. Elektron kadastr uçot işi bitib rayonlardan il ərzində 13 rayonun hüdudları daxilində 337 bələdiyyə xəritələri hazırlanıb. 2017-ci ildə 760 mindən çox ərazidə irimiqyaslı çöl geobotaniki tədqiqatı işləri yerinə yetirilib. Azərbaycan Respublikası ərazisində geodeziya ölçü işlərində AzPOS sisteminin imkanları genişləndirilib və istifadəçilərin sayı artırılıb. Bu informasiya sistemi yüksək dəqiqlikli məlumatları emal etməklə, zaman-məkan daxilində qəbuledicilərin köməyi ilə koordinatları müəyyən edir”.

Vurğulanıb ki, respublikanın 52 şəhər və rayonu, o cümlədən, 156 qəsəbə və 1533 kənd yaşayış məntəqəsi üzrə 32 mindən artıq küçə və prospekt, 600 mindən artıq giriş ünvan nömrələri Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilibdir. Ötən il ərzində uçot işləri aparılan 32 rayonda rayon icra hakimiyyətlərinin, bələdiyyələrin, torpaq istifadəçilərinin, mülkiyyətçilərinin iştirakı ilə geniş forumlar keçirilibdir.

AzVision.az



Teqlər: Hərrac   Dövlət-əmlakı  





Xəbər lenti