Alyende, Əsəd və uduzmağın fəlsəfəsi

Alyende, Əsəd və uduzmağın fəlsəfəsi
  12 Sentyabr 2013    Oxunub:1458

Vüsal Məmmədov

Hazırda Suriyada baş verənlər bir çox cəhətlərinə görə düz 40 il əvvəl Çilidə yaşananları xatırladır. 1973-cü ilin sentyabrında ABŞ-ın planı və güclü maliyyə dəstəyi ilə Çilinin solçu prezidenti Salvador Alyende devrilir. CİA bunun üçün “Fubelt layihəsi” adı altında silsilə əməliyyatlar hazırlamışdı.
Qiyama qədər CİA Çili ordusunda çox geniş iş aparmışdı. Bəzi tarixçilərə görə, Alyende hazırlanan qiyam haqqında informasiya alsa da, qiyamçı generallara qarşı qabaqlayıcı addımlar atmamışdı.

O zaman ABŞ Latın Amerikasına özünün “arxa həyəti” kimi baxırdı və hesab edirdi ki, kimin hakimiyyətə gəlib-getməsini həll edə bilər. Əslində indi də eyni məntiq qüvvədədir, sadəcə, bu dəfə daha geniş arealda: indi ABŞ faktik olaraq Yaxın Şərqə də özünün `arxa həyəti` kimi yanaşır. İmperiya böyüyüb və qloballaşıb... Sadəcə, o vaxt əsas məqsəd Amerika şirkətlərinin maraqlarını qorumaq idisə (məsələn, «United Fruit Company»-nin banan biznesinə görə Qvatemalada çevriliş təşkil olunmuşdu), indi məqsədlər daha çox geosiyasi yüklüdür.

Çilidə hər ikisi vardı: Alyende həm ABŞ şirkətlərinin maraqlarına toxunurdu, həm də sosialist kursu götürmüşdü. Nəticədə 1973-cü ilin sentyabrın 11-də donanmada hərbi çevriliş başladı və radioda səslənən “Santyaqoda yağış yağır” kod sözlərilə başqa yerlərə də yayıldı. General Pinoçetin komandanlığı altında qiyamçılar çox da düşünmədən öz nəzarətlərində olmayan bütün strateji obyektləri bombalayırlar. “La-Moneda” sarayında olan Alyendeyə ultimatum verilir ki, xüsusi təyyarədə ölkəni tərk etsin. Alyende getmir, amma getsə belə, onsuz da təyyarəsi havada partladılacaqdı.

Burada Alyende ilə Bəşər Əsədin arasındakı paralellər başlayır. “Mən istefaya getməyəcəyəm. Tarixin bu yolayrıcında xalqıma sadiqliyimə görə həyatımı qurban verməyə hazıram. Onların gücü var. Onlar bizi məhv edə bilərlər. Amma tarix bizə məxsusdur, onu xalqlar yazırlar”,- bu sözlər Salvodor Alyendenin xalqa radio ilə son müraciətindəndir.

Prezident sarayına tanklar hücum edir, tərəfdarları öldürülür, Alyende isə qiyamçıların əlinə düşməmək üçün kabinetində özünü güllələyir. Bundan sonra Çilidə total terror başlayır, ölkə böyük bir konslagerə çevrilir. Amma bu, artıq ayrı söhbətdir.

Alyende Amerikanın onun getməsini istədiyini bilə-bilə getməyən çox az liderlərdəndir. Bəşər Əsəd də onlardan biridir. Getmələri isə ona görə istənilir ki, onlar kiminsə marağına uyğun deyillər. Belə vəziyyətdə getməmək dünyanın ən böyük gücünə meydan oxumaq deməkdir. Alyende, radio ilə müraciətindən də göründüyü kimi, uduzacağını bilirdi, Əsəd də yəqin ki, bilir...

Bu məqamda mənim üçün siyasətdən daha çox, belə insanların motivləri maraqlıdır – Niyə qalıram? Nəyin naminə? Böyük güclərin qabağında özünün “heç nə” olmadığnı göstərmək üçünmü? Yoxsa gedəcəyi təqdirdə heç kim olacağını anlayıb, o yüklə yaşaya bilmədiyini əvvəlcədən dərk etdiyinə görəmi? Yoxsa sadəcə, özünün haqlı olduğuna əmin olub, “Mən nə etməliyəmsə, onu da edəcəyəm” prinsipinə sadiq qalmaqmı?

Etiraf edim ki, mən cavabı bilmirəm, amma həmişə bu suallar mənə maraqlı olub. Bütün hallarda, yəqin ki, getməmək qərarının kökündə siyasət yox, psixologiya durur – hər şey insanın “Mən”inə dayanır. Bir halda ki, kiminsə səni udmasına mane ola bilmirsən, heç olmasa boğazından rahat keçmə! Bu, əlbəttə, rasional qərar deyil; yoxsa, rasional siyasi qərar verilsə, getmək daha “sərfəli” olardı.

Elə isə digər sual çıxır: Bəs öz “mən”inə görə minlərlə insanı ölümə vermək doğru haldırmı?

Şəxsi fikrimdir, siz fərqli düşünə bilərsiniz. Məncə, əgər liderin uğrunda ölməyə hazır insanlar varsa, həmin liderin də onları ölümə verməyə haqqı var. Çünki qoyub qaçacağı təqdirdə onları mənəvi öldürmüş olacaq, bu isə daha pisdir. İnsanları istədikləri kimi yaşamağa qovuşdurmağa imkanın olmadısa, heç olmasa, istədikləri kimi ölmələrinə imkan yarat.

Və həm də, tutalım, onlar əgər getsələr, nə dəyişəcəkdi ki? Ölkələri illərlə davam edən qan girdabından yan ötəcəkdilərmi? Yəqin ki, yox. Çünki planı quranlar belə istəyirlər. Onlar onsuz da qalib gələcəklər, çünkü güclüdürlər. Zəifin bacardığı heç olmasa ləyaqətlə uduzmaqdır. Alyende kimi.


Teqlər:  





Xəbər lenti