Terrorun 12-ci ili

Terrorun 12-ci ili
  11 Sentyabr 2013    Oxunub:1478
Bununla əlaqədar ABŞ -da anım tədbirləri keçirilir.
2001-ci il sentyabrın 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktları. Yerli vaxtla saat 08:46-da "American Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı. Az sonra Cənub qülləsi oxşar hücuma məruz qaldı. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi - Pentaqonun binası da terrorçuların etdiyi təyyarə tərəfindən vuruldu. 3 minə yaxın sadə vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələnən bu hadisələr ABŞ-ın beynəlxalq terrorçuluqla mübarizəyə başlamasına əsas yaratdı. Ekspertlərin fikrincə, 11 sentyabr hadisələri ABŞ-ın xarici siyasətində köklü dəyişikliyə səbəb olub.

Vaşinqtonun təhriki ilə NATO-nun Əfqanıstanda antiterror əməliyyatına başlamasında 11 sentyabr hadisələri stimul rolunu oynayıb. Son 12 ildə ABŞ və müttəfiq dövlətlər 11 sentyabr hadisələrinə görə məsuliyyəti öz üzərinə götürmüş “Əl-Qaidə” terror təşkilatının ləğvi istiqamətində antiterror fəaliyyəti aparır. Azərbaycan da ilk gündən antiterror koalisiyasında yer alıb. Hadisədən dərhal sonra ulu öndər Heydər Əliyev bəyanatla çıxış edərək bildirib ki, məlum hədəfdə ABŞ olsa da, bu dəhşətli bəla potensial olaraq bütün dövlətlərə və xalqlara qarşı çevrilə bilər. Terrorçuluğun qorxunc və acı nəticələrini öz üzərində dəfələrlə hiss edən Azərbaycan xalqı dost Amerika xalqının iztirab və sarsıntılarını hamıdan yaxşı anlayır və onun kədərinə şərik çıxır. Ölkəmiz 11 sentyabrdan sonra ABŞ-a mənəvi dəstək verməklə bərabər, antiterror koalisiyası təyyarələrinə hava dəhlizinin verilməsi, terrorçuların maliyyə axınlarının qarşısının alınması və "Əl-Qaidə» təşkilatının fəal üzvlərinin həbs olunmasında iştirak edib.

Əslində, terrordan əziyyət çəkən bir dövlət kimi bu problemə qarşı mübarizədə Azərbaycanın ABŞ-ın etibarlı tərəfdaşlarından biri olması təbiidir. Çünki Azərbaycan dəfələrlə erməni terroruna məruz qalan dövlət kimi bu problemin nə dərəcədə təhlükəli olmasından, hansı fəsadlara yol açmasından yaxşı xəbərdardır. 11 sentyabrdan təkcə Amerika üçün deyil, bütün dünya üçün çıxan başlıca nəticə isə terrorla hamılıqla, heç bir ikili, üçlü standartlara yol vermədən mübarizə aparılmasının labüdlüyüdür. Nə qədər ki, ayrı-ayrı dövlətlər terrora və terrorçu qüvvələrə münasibətdə reallıq deyil, siyasi maraqlar prizmasından yanaşacaq, terrora "mənim" və "sənin" bölgülərinə ayrılaraq qiymət veriləcək, bu bəladan nə bütövlükdə dünya, nə də ayrılıqda heç bir kiçik, yaxud böyük dövlətin qurtulması mümkün olmayacaq.


Teqlər:  





Xəbər lenti