Amerikalılar Suriyaya hücuma `yox` deyir

Amerikalılar Suriyaya hücuma `yox` deyir
  11 Sentyabr 2013    Oxunub:1426
ABŞ-da müharibə əleyhdarları Suriyaya hərbi müdaxiləyə qarşı aksyalar keçirir
ABŞ-ın hər yerində kiçik qruplar şəklində olsa da Konqresin ünvanına prezident Barak Obamanın Suriyaya qarşı hərbi əməliyyatlar planına dəstək verməməklə bağlı çağırışlar səslənir. Etirazçılar əməliyyatların daha bir müharibənin başlamasına gətirib çıxaracağını və ABŞ-ın yeni müharibəyə cəlb olunacağını bildirir.

Ağ Evin qarşısında keçirilən etiraz aksiyası Answer- “Cavab ver” koalisiyası tərəfindən təşkil edilib. Qrupun üzvü Yucin Puryear ABŞ-ın Suriyada hərbi əməliyyatların daha çox zorakılığa yol açacağını deyir. “ABŞ-ın hərbi müdaxiləsi sülh yaratmaq səylərinə kömək etməyəcək. Bu yalnız müharibənin qızışmasına səbəb olacaq.”

Bu fikir Amerikanın hər tərəfində əks-səda tapıb.

İraq müharibəsində oğlunu itirən Sindi Şihan müharibə əleyhdarı fəaldır. O, qubernator seçkilərinə qatıldığı Kaliforniya ştatının Sakramento şəhərində aksiya keçirib.

Nyu-Yorkun məşhur Tayms meydanında təxminən 200 nəfər “Suriyada müharibəyə yox” şüarı altında mitinq keçirib.

Texas ştatında Hyuston şəhərində isə Suriyada Əsəd hökumətinə qarşı hərbi əməliyyatlara dəstək aksiyası keçirilib. ABŞ Əsəd hökumətini öz xalqına qarşı kimyəvi silahlardan istifadə etməkdə ittiham edir.

Massaçusets ştatında Dövlət katibi Con Kerrinin Boston şəhərindəki evinin qarşısında müharibə əleyhdarlarının yürüşü olub. Kerri Konqresin komitəsində Suriyaya qarşı hərbi əməliyyatlara dəstək qazanmaq üçün ifadə verdiyi zaman zaldakı etirazçılar qan rəmzi olaraq qırmızı rəngə boymış əllərini qaldırıblar. Con Kerri ABŞ-ın kimyəvi hücumların qarşısını almaq üçün fəaliyyətə keçməli olduğunu deyib.

Viskonsin ştatında Milvokii şəhərində Mitç Sandquist kimi nümayişçilər bildirib ki, ABŞ ölkə daxilində problemlərlə məşğul olmalı və Suriyada vətəndaş müharibəsinə cəlb olunmamalıdır. “Bu ölkə Birləşmiş Ştatlara təhlükə törətmir, özü də indi federal və dövlət səviyyəsində büdcə problemləri ilə qarşılaşdığımız vaxt daha bir lazımsız hərbi münaqişəyə cəlb olunmağa imkan yoxdur.”

Müharibə əleyhdarlarının sayı çox olmasa da, onlar ABŞ-da əksəriyyətin mövqeyini ifadə edir. Bu günlər keçirilmiş rəy sorğusuna əsasən, amerikalıların 60 faizi ABŞ-ın Suriyaya hərbi müdaxiləsinin əleyhinə olduqlarını bildirib.




Teqlər:





Xəbər lenti