Dünya `valyuta müharibəsi`nə hazırlaşır – TƏHLİL

Dünya `valyuta müharibəsi`nə hazırlaşır – TƏHLİL
  03 Fevral 2017    Oxunub:16752
Qlobal iqtisadiyyatda problemlər pik həddinə çatanda hərdən bu və ya digər aparıcı ölkənin proteksionist siyasət yürütməsinə ciddi ehtiyac yaranır. Çünki bu, son nəticədə digər ölkələrə xeyir gətirir. O baxımdan, ABŞ-da Ağ Evin yeni administrasiyasının "təcrid siyasəti" yürütməyə başlaması gözlənildiyinin əksinə olaraq, dünya iqtisadiyyatı üçün ümumən, xeyirli sonluqla nəticələnməlidir. Sadəcə olaraq, bir az səbr etmək gərəkdir.

Dünya iqtisadiyyatı faktiki olaraq, bir neçə dayağın - ABŞ, Avropa Birliyi (AB), Çin-Yaponiya və inkişaf etməkdə olan ölkələrin üzərində dayanır. AB-də əsas aparıcı qüvvə Almaniya iqtisadiyyatı sayılır. Dünya iqtisadiyyatın mərkəzi dayağını isə ABŞ təşkil edir. Bütün bunlar arasında müəyyən bir bağlılıq var və bu bağlılığı sözün həqiqi mənasında balans kimi də xarakterizə etmək olar. Belə ki, məsələn, ABŞ dünya iqtisadiyyatının mərkəzi dayağını təşkil etsə də, onun iqtisadiyyatı həddindən artıq genişlənəndə də dünyada böhran ortaya çıxır, tənəzzüllə üzləşəndə də...

Bunu necə başa düşmək olar? Məsələn, ABŞ iqtisadiyyatının 2008-2009-cü illərdəki tənəzzüldən çıxdıqdan sonrakı dövrünü götürək. Amerika iqtisadiyyatı inkişafda və artımda olduğu zaman dollar istər-istəməz, həmişə möhkəmlənməli olur. ABŞ dollarının möhkəmlənməsi isə bir sıra strateji məhsulların dəyərini ucuzlaşdırır. Bu sırada başda xam neft olmaqla, enerjidaşıyıcıları gəlirlər. Həmin məhsulların ucuzlaşması isə gəlirləri bunlardan asılı olan ölkələrin iqtisadi vəziyyətlərini avtomatik olaraq pisləşdirir.

Odur ki, ABŞ-da yürüdüləciyi gözlənilən və hələ ki ilkin işartıları görünən proteksionist siyasətə “böyük ümidlər” bəsləyirəm. Məsələn, düşünürəm ki, bundan Avropada Almaniya iqtisadiyyatı itirəcək, Asiyada Çin udacaq, Avropa Birliyindən çıxmağa hazırlaşan Böyük Britaniya da pis nəticələr əldə etməyəcək. Beləcə, balans bərpa olunacaq.

Sözsüz ki, bəzi ölkələr ziyan görəcək. Ancaq, mərkəzdənqaçma addımlarının atılması vacibdir və olmalıdır. Yəni, ola bilsin ki, Avropa Birliyi mütləq dağılmalıdır. Bəzi inkişaf etmiş ölkələr siyasi cəhətdən parçalanmalıdır. Amma ən axırda bütün sular durulmalıdır. Bunların isə nə qədər vaxt aparacağı məlum deyil. Ancaq hesab edirəm ki, Azərbaycan bu proseslərdən itkisiz cıxa biləcək.

Ümumiyyətlə, dünyada aşkar sezilir ki, yeni müharibə - valyutalar müharibəsi yetişir. Belə ki, ABŞ prezidenti Donald Tramp Amerika dollarının getdikcə möhkəmlənməsinin ölkə iqtisadiyyatı üçün xeyir gətirmədiyini hələ prezident seçilməmişdən öncə də söyləmişdi. Budur, Ağ Ev administrasiyasına yaxın olan mənbələr xəbər verirlər ki, Tramp öz fikrində qətidir. Yəni ki, 45-ci Prezident ABŞ dollarının dünya valyutaları üzrə hazırkı kursunun heç də səmərəli xarakter daşımadığı fikrindədir. Və bu xüsusda, ABŞ-Almaniya münasibətlərinin hazırkı və yaxın perespektivdə gözlənilən vəziyyəti daha çox diqqəti cəlb etməkdədir.

Kansler Angela Merkel hələ ki yeni Ağ Ev administrasiyasına qarşı çox arxayın danışır və çəkinmədən hətta tənqidi fikirlər də söyləyir. Halbuki, heç kimə sirr deyil ki, Avropa Birliyinin vahid valyutası olan avronun dollara görə hazırkı məzənnəsi əslində, ən çox elə məhz Almaniya iqtisadiyyatı üçün uyğundur. Başqa sözlə desəm, həm ayrılıqda götürdükdə Almaniya ilə ABŞ arasında, həm də sonuncu ilə AB arasında istər qarşılıqlı ticarət münasibətlərində, istərsə də iqtisadi rəqabətdə məhz Alman iqtisadiyyatının xeyrinə işləyir. Tramp da bir biznesmen olaraq, çox gözəl başa düşür ki, Angela xanım həm də buna görə, iddialı danışır.

Odur ki, fikrimcə, yaxın müddətdə çox maraqlı hadisələr və qarşılıqlı gedişlər gözlənilir. Bu yerdə sual oluna bilər ki, əgər, bilavasitə dolların möhkəmliyinin zərərindən danışırıqsa, nəyə görə “qarşılıqlı” sözünü işlətdik?!

Məsələ bundadır ki, Donald Tramp Amerika valyutasının dəyərini aşağı salmaq istiqamətində hansısa təşəbbüs göstəsə, təbii ki, Avropada Almaniya da öz yerində durmayacaq. Hələ biz Asiyada Çini demirik! Pekin yuanın dəyərini bacardıqca aşağı salmağa çalışır ki, ixracda öz rəqabət qabiliyyətliliyini qoruyub saxlaya bilsin. Yaponiya isə, əgər yen ABŞ dollarına münasibətdə möhkəmlənməyə başlasa, ümumiyyətlə, batacaq.

Ancaq Ağ Ev dolların möhkəmlənməsinin qarşısını necə və hansı yolla alacaq, bu məsələ hələ tam aydın deyil. Federal Ehtiyatlar Sisteminin (FES) rəhbərliyinin indiyədək tutduğu mövqedən geri çəkilmək niyyəti yoxdur. Bu il ərzində FES keçən il olduğu kimi bir dəfə də faiz dərəcəsini artırmağa cəhd göstərəcək. Çünki, axırıncı dəfə həyata keçirilən artım qərarından (2016-cı ilin dekabrında) sonra Canet Yellen xanım bəyan etdi ki, 2017-də 3 dəfə də bu cür addım atmaq mümkün görünür.

Donald Tramp isə öz növbəsində Canet Yelleni vəzifə müddəti başa çatdıqdan sonra postunda saxlamaq fikrində deyil. Üstəlik, ABŞ iqtisadiyyatı da geridə qalmış 2016-cı ilin IV rübünün yekunlarına görə, heç də gözlənildiyi nəticəni verməyib. Yəni, 2,2%-ə qarşı 1,9% ilə yekunlaşıb.

Sözün qısası, kimin hansı addım atacağı hələ bilinmir. Lakin, bir şey aydındır ki, "valyutalar müharibəsi"nin başlanma ehtimalı böyükdür.
Yeri gəlmişkən, proteksionist siyasəti - yerli istehsalçıların himayəsi siyasətidir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti