Neft Fondundan Mərkəzi Banka transfert: Məqsəd nədir? - TƏHLİL

Neft Fondundan Mərkəzi Banka transfert: Məqsəd nədir? - TƏHLİL
  13 Yanvar 2017    Oxunub:7523
Dövlət başçısı tərəfindən Dövlət Neft Fondunun (ARDNF) 2017-ci il üçün büdcəsi təsdiqlənərək, açıqlandıqdan sonra sənəddə xərclərə dair bir istiqamət - makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına (AMB) transfertin yuxarı həddinə dair müddəa çoxlarını təəccübləndirib.

Bu da təbiidir. Çünki indiyədək ARDNF-ın heç bir ilə dair büdcə sənədlərində belə bir transfert nəzərdə tutulmamışdı. Yəni, buna rast gəlməmişdik. ARDNF-dan hər il yalnız, dövlət büdcəsinə transfert həyata keçirilirdi ki, bu da dövlətin əsas maliyyə sənədində gəlirlərin 50%-dən yuxarı təşkil edirdi. Son illər ərzində isə bunun azaldılması siyasəti həyata keçirilməkdədir.

Məlumdur ki, 2017-ci ilə dair ölkənin əsas maliyyə sənədinə əsasən Fonddan dövlət büdcəsinə 6 milyard 100 milyon manat transfert nəzərdə tutulub. Bu da indiki kursla 3 milyard 400 milyona yaxın ABŞ dolları edir. Yəni, ARDNF məhz bu məbləğdə valyutanı AMB-nin cari il ərzində keçirəcəyi valyuta hərraclarına çıxararaq satacaq ki, dövlət büdcəsinə nəzərdə tutulan 6 milyard 100 milyon manat transferti həyata keçirə bilsin.

AMB-nin özünün rəsmi valyuta ehtiyatlarının həcmi 4 milyad dollara yaxına qədər endiyindən, keçirəcəyi hərraclara dollar çıxartmaq imkanı yoxdur. SOCAR-a gəldikdə, bir sıra layihələrin icrası üçün onun hələ özünə xarici valyuta lazımdır. Hansı ki, bunlar ölkə iqtisadiyyatı üçün olduqca əhəmiyyətli layihələrdir. Ölkədə adları çəkilən bu 3 qurumdan savayı isə dollar təklif edə bilən subyekt yoxdur. Üstəlik, valyuta bazarımızda vəziyyət məlumdur.

Bəs, sözügedən məsələdə məqsəd və əhəmiyyət nədən ibarətdir? İndiyədək ARDNF-dan heç vaxt AMB-ə vəsait köçürülmədiyi halda, bu, nədən ediləcək?

Ötən il Fond valyuta hərraclarına 4 milyard 881 milyon həcmində dollar çıxarıb. Bunun 4,6 milyard dolları dövlət büdcəsinə transfert təşkil edib. İl ərzində ən çox dollar satışı isə sentyabr ayında olub - 631,1 milyon dollar.

ARDNF-dan heç vaxt AMB-ə vəsait köçürülmədiyi halda, cari ildə bunu həyata keçirmək istəyində məqsədin makroiqtisadi sabitliyin təmin etmək olduğu sənəddə aydın ifadə edilib. Ümumiyyətlə, bu barədə şərhlərimdə də yazmışam ki, cari il üçün hökumətin nail olmaq istəyəcəyi əsas hədəf məhz inflyasiyanı birrəqəmli səviyyəyə endirməkdən ibarət olacaq. Və bu da, 2017-ci ildə ölkəmiz üçün əsas makroiqtisadi göstərici sayılacaq.

2017-ci il ərzində orta inflyasiya səviyyəsi rəsmi olaraq 7,3% nəzərdə tutulub. Nazirlər Kabinetinin ötən ilin sösial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair iclasında Prezident İlham Əliyev də bəyan etdi ki, inflyasiya birrəqəmli səviyyəyə enməlidir. Ona görə də, olduqca təqdirəlayiq haldır ki, Neft Fondunun 2017-ci il üçün büdcəsindən makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka 7 milyard 500 milyon manat transfert planlaşdırılıb. Bu da, təxminən 4 milyard dollardan artıq xarici valyuta deməkdir. Yəni, əlavə olaraq bu məbləğdə vəsait də konvertasiya üçün bazara çıxmaq şansındadır.

Ancaq burada bir nüans var. O da bundan ibarətdir ki, cənab Prezidentin ifadəsi ilə desək, iki uzunqulağın arpasını bölə bilməyən bəzi iqtisadçılar KİV-ə elə formada izahat verirlər ki, Fonddan il ərzində guya, məhz göstərilən həcmlərdə transfertlər həyata keçiriləcək. Bu, belə deyil.

Belə ki, həm dövlət büdcəsinə və həm də AMB-ə ediləcək transfertlər ilə bağlı müddəalarda "transfertin yuxarı həddi" sözləri nəzərdən qaçırılmalı deyil. Yəni, hər şey ümumən, iqtisadiyyatda vəziyyətdən asılı olacaq.

Yeri gəlmişkən, yuxarıda qeyd etdim ki, bütövlükdə 2016-cı il ərzində Fond valyuta hərraclarına 4 milyard 881 milyon həcmində dollar çıxarıb satsa da, bunun 4,6 milyard dolları dövlət büdcəsinə transfert təşkil edib. Yəni, 200 milyon dollardan artıq vəsait ARDNF-ın dövlət büdcəsi qarşısındakı öhdəliyindən əlavə olaraq çıxarılaraq satılıb. Çünki buna əlavə xərclər və öhdəliklər səbəb olub. Odur ki, söhbət əgər, bilavasitə il ərzində bilavasitə hərraclardan gedərsə, ARDNF dövlət büdcəsinə və AMB-ə tranfertlərdən (3,4 milyon + 4,2 milyon$) əlavə həcmdə də olaraq dollar çıxarıb sata bilər.

Ümumiyyətlə, tranfertlər sırf hərraclarla bağlı deyil və məhz göstərilən, o cümlədən ekvivalent məbləğdə olan dolllar vəsaitini çıxardıb satmağı ehtiva etmir.

Məzənnəyə gəldikdə isə, hesab edirəm ki, 2017-ci il ərzində daxili valyuta bazarında "alovu söndürmək" üçün il ərzində 5-6 milyard dollar təklifi ilə də keçinmək mümkün olacaq.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti