Bu yarışda 8 döyüşçümüz qalib gəlib – FOTOLAR

  28 Dekabr 2016    Oxunub : 6399
Bu yarışda 8 döyüşçümüz qalib gəlib – FOTOLAR
Azərbaycan Budo Döyüş Növləri Federasiyası tərəfindən ölkəmizdə MMA (Mixed Martial Arts – Qarışıq Döyüş İncəsənəti) üzrə dünya kuboku uğurunda yarış keçirilib.

17-20 dekabr tarixlərində baş tutan yarışda “Orion Fight Club”un 8 idmançısı da iştirak edib. Ölkəmizi təmsil edən həmin idmançıların hər biri yarışın qalibi olublar.AzVision.az qalib idmançılarımızın məşq etdikləri döyüş klubuna baş çəkib.



“Orion Fight Club”un baş məşqçisi Ruslan Əfəndiyev yarışla bağlı təəssüratlarını bizimlə bölüşdü:

“Yarışda iştirak etmək üçün İranın üç şəhərindən Bakıya idmançılar gəlmişdi. Əvvəl iki həvəskar idmançımız çıxış etdi. Onlardan birinin 18 yaşının yenicə tamam olmasına baxmayaraq, qalib gəldi. Digər həvəskarımız isə ikinci yerə çıxdı. Daha sonra professional idmançılar arasında döyüş baş tutdu. Biz yarışa 8 professional döyüşçü ilə çıxmışdıq. Həmin döyüşçülərin hamısı yarışı birinciliklə başa vurdu.



Bir var imtahan, bir də var “zaçot”. Bu, uşaqlar üçün “zaçot” kimi oldu. Əsas imtahanları hələ qabaqdadır. İki idmançımız Çində kəmər uğurunda vuruşacaq. İdmançımız Aqşin Babayev də gələn ildən kəmər uğurunda döyüşəcək.

Hazırda Çeçenistanın məşhur “Ahmad” klubu üç idmaçımız ilə müqavilə bağlamaq istəyir. Sumqayıt şəhərinin gəncləri arasında da klubumuza maraq yüksəkdir. Hazırda Sumqayıtdan gələn bir neçə gəncə məşqlər keçirik”.



Dünya Kuboku uğurunda yarışda döyüş meydanına birinci gənc idmançımız Elçin Hüseynov çıxıb. Bu, Elçinin birinci professional döyüşü olub. İdmançılar arasında belə bir fikir var ki, birinci yarışa çıxan – “siftə” edən,- qələbə qazansa, hər şey yaxşı olacaq, digər dostları da uğur qazanacaqlar. Elçin əvvəlcə Gəncədən olan, yaxşı fiziki hazırlığa malik azərbaycanlı döyüşçü ilə vuruşub və xal hesabı ilə qalib gəlib.



Gənc idmançı Elçin Hüseynov ilk professional qələbəsi ilə bağlı təəssüratlarını AzVision.az -la bölüşüb:

- 14-15 yaşlarımdan idmanla məşğul oluram. 2010-cu ildən isə MMA ilə məşğulam. Bu, mənim professional səviyyədə baş tutuan ilk yarışım idi. Yarışa çıxmamışdan öncə çox həyəcan keçirirdim. İstədiyim kimi döyüş göstərə bilmədim. Amma çalışacağam ki, bundan sonra daha yüksək səviyyədə döyüşüm. Mənimlə bərabər yarışda iştirak edən səkkiz idmançı yoldaşım da qalib oldu. Onlara da uğur arzu edirəm. Ruslan müəllimin üzərimizdə çox əziyyəti var. Ona dərindən təşəkkür edirik.





















Hafiz Əhmədov
Foto: Elvin Abdulla


Teqlər: