`Formula 1`-in biletləri satışa çıxarılacaq

`Formula 1`-in biletləri satışa çıxarılacaq
  15 Noyabr 2016    Oxunub:1676
2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən satışda olacaq.
Satışa çıxarıldıqdan sonra ilk 2 ay müddətində bilet alan Formula 1 azarkeşləri üçün qiymətlərdə 30 %-dək endirimlər ediləcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) AzVision.az-a verilən məlumata görə, 2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən www.bakucitycircuit.com saytında onlayn qaydada satışda olacaq. Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzi küçələrində baş tutacaq sayca 2-ci Formula 1 yarışının 16-18 iyun 2017-ci il tarixlərində keçirilməsi nəzərdə tutulub.

Bundan başqa, əməliyyat şirkəti biletləri erkən alanlar üçün məhdud sayıda 30 %-dək endirimli 4 günlük biletlər təklif edir. Bu kampaniya 31 yanvar 2017-ci il tarixinədək davam edəcək. Kampaniya bitdikdən sonra biletlər yenidən tam qiymətlərlə satılacaq. Buna görə də, əməliyyat şirkəti azarkeşləri kampaniya qurtarmadan əvvəl 2017 Formula 1 Avropa Qran Prisi üçün bilet almağa çağırır.

Dörd günlük biletlər azarkeşlərə trekdə 3 gün ərzində davam edəcək yarışlarla yanaşı həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin 15 iyun tarixində, cümə axşamı günü keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir. Azarkeşlər Pit Yolu yürüşü zamanı komandaların bokslarında mühəndis və digər texniki işçilərin bolidi yarışa necə hazırladıqlarını yaxından görmək fürsətinə sahib olacaqlar.

Bu il Bakıda ilk dəfə keçirilmiş Formula 1 yarışı böyük uğurla baş tutdu. Bu yarış sadəcə dünyada Formula 1-in milyonlarla azarkeşinə Bakının möhtəşəm görünüşünü təqdim etmədi, eyni zamanda Formula 1-in ən yeni və gərgin mübarizəyə səhnə olan trekini bütün dünya ictimaiyyətinə nümayiş etdirdi. Trekin 7-11-ci döngələrində - İçəri Şəhərin möhtəşəm qala divarları boyunca uzanan Bakının dar küçələrində bolidlərin yüksək sürətlə hərəkəti Formula 1-in bu ilki çempionatının ən yaddaqalan məqamlarından biri oldu. Bununla yanaşı, 2016 Formula 1 Avropa Qran Prisi ən yüksək sürətin qeydə alındığı şəhər treki ünvanına sahib oldu.

Belə ki, Williams Martini Racing komandasının pilotu Valteri Bottas Bakıda baş tutan Formula 1 yarış həftəsonu zamanı trekin dənizkənarı boyunca uzanan sürətlənmə hissəsində rəsmi göstərici ilə 366 km/saat sürətlə hərəkət etdi. Rəsmi olmayan rəqəmlərə görə, onun öz bolidini 378 km/saat sürətlə sürdüyü qeydə alınmışdı. Bundan əlavə, yenə Williams Martini Racing komandası Bakıda başqa bir rekorda imza atdı. Komanda Felipe Massanın bolidinə tətbiq etdiyi pit-stop əməliyyatını sadəcə 1,92 saniyədə reallaşdırdı. Bu göstərici 2013-cü ildə ABŞ Qran Prisi zamanı Formula 1 tarixində qeydə alınmış rekord göstərici ilə bərabər oldu.

BŞH-nın icraçı direktoru Arif Rəhimov Formula 1 azarkeşlərini kampaniya çərçivəsində təqdim olunan böyük endirim fürsətindən yararlanmağa çağırır: “Biz gələn yay Bakıda keçiriləcək 2-ci Formula 1 yarışı üçün biletlərin satışa çıxarılmasını elan etməkdən böyük xoşbəxtlik duyuruq. Formula 1-in Azərbaycana yenidən gəlişindən əvvəl azarkeşlərə biletlərin qiymətində xüsusi endirimlərin təklif olunması bizim üçün olduqca əhəmiyyətlidir və biz inanırıq ki, bu endirimlər həm yerli, həm də beynəlxalq Formula 1 azarkeşlərinə Bakı yarışına biletləri indidən almaq üçün böyük stimul olacaq. Biz gözəl şəhərimizi və möhtəşəm trekimizi bütün dünyaya nümayiş etdirməyə davam edəcəyimizə görə olduqca çox həyəcanlıyıq və böyük əzmlə çalışırıq ki, bu, Formula 1 mövsümündə qaçırılmayacaq bir yarış həftəsonuna çevrilsin. Ötən yay keçirilmiş yarış sübut etdi ki, Formula 1 və Bakı bir-birinə çox gözəl yaraşır və mən şəxsən bütün azarkeşləri gələn yay 2017 Formula 1 Avropa Qran Prisi üçün Bakıya gələrək möhtəşəm yarış həftəsonunu yaşamağa dəvət edirəm. Gəlin iyun ayında bizimlə birgə yarış həyəcanını keçirmək istəyən azarkeşlərə bir daha səslənirəm ki, bu böyük endirim fürsətini əldən verməsinlər.”

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti