ABŞ: “Rusiya amerikalıları təhqir etdi”
“Biz Rusiya hökumətinin bu addımına çox məyus olmuşuq” - Ağ Evin mətbuat katibi Cey Karni bildirib. Onun sözlərinə görə, Ağ Ev Sankt-Peterburqda “Böyük iyirmilər”in sammiti ərəfəsində Obama ilə Putinin görüşünün məqsədəuyğunluğuna baxır. Nyu-York ştatının senatoru Çarlz Şumer daha irəli gedərək Snouden məsələsinə görə sammiti keçirməməyi təklif edib. Amerikalı məmurlardan biri söyləyib ki, ABŞ-ın dövlət katibi Con Kerri ilə müdafiə naziri Çak Hegelin rusiyalı həmkarları ilə planlaşdırılmış danışıqlarının keçirilməsi də indi sual altındadır. Arizona ştatının senatoru Con Makkeyn Rusiya qərarını “bütün amerikalılara təhqir” adlandırıb.
Bir gün əvvəl Snoudenə Rusiyanın Şeremetyevo aeroportunu tərk etmək üçün icazə verən sənədin təqdim olunması barədə bildirilib. Kəşfiyyatçı Honq-Konqdan buraya iyunun 23-də gəlib. Qeyd edək ki, həmin sənədə görə, Snoudenə bir ilə qədər müvəqqəti sığınacaq verilib.
Snoudeni dəstəkləyən “WikiLeaks” təşkilatı Rusiyada qaçqın statusu aldığını bildirərək Snoudenin aeroportu tərk etdiyini “Twitter” vasitəsilə təsdiq edib. Kəşfiyyatçı Şeremetyevo aeroportuna gəldikdən təxminən bir ay sonra sığınacaq ala bilib.
Snouden Venesuela daxil olmaqla bir neçə ölkəyə sığınacaqla bağlı müraciət etmişdi. Lakin ABŞ hökuməti onun pasportunu ləğv etdiyi üçün onun həmin ölkələrə getməsi qeyri-mümkün idi. Rusiya isə onu ABŞ-a verməkdən imtina edib.
Rusiya aeroportunun tranzit zonasında gizlənən Snouden KİV-ə məxfi informasiyanı ötürməyə davam edirdi. Rusiya prezidenti Vladimir Putin daha əvvəl bildirmişdi ki, Snouden ABŞ-ın məxfi materiallarını ötürməkdən əl çəkdiyi təqdirdə Rusiyada sığınacaqla təmin oluna bilər.
Qeyd edək ki, Snouden məsələsi Suriya münaqişəsinə görə gərginlik yaşayan Rusiya ilə ABŞ münasibətlərini korlayıb.
AzVision.az
Teqlər: