Snoudenin aqibəti məlum deyil

Snoudenin aqibəti məlum deyil
  25 İyul 2013    Oxunub:1214
ABŞ-ın keçmiş kəşfiyyatçısı Edvard Snoudenin vəkili Anatoli Kuçerena bildirib ki, kəşfiyyatçının sənədləri hələ hazır deyil.
“Məsələ hələ həll edilməyib. Yaranan vəziyyət Rusiya üçün standart deyil. Ona görə də, sənədlər hələ müzakirə edilir. Mövcud məsələnin həllini gözləməkdən başqa çarə yoxdur. Ümid edirik ki, bu məsələ yaxın günlərdə həll ediləcək” - vəkil bildirib.

ABŞ-ın reaksiyası

ABŞ administrasiyası məsələ ilə bağlı əvvəlki mövqeyində dayanır. “O nə hüquq müdafiəçisi, nə də dissidentdir, ciddi qanun pozuntusu törədib və məxfi sənədləri qanunsuz şəkildə yayıb” - Ağ Evin mətbuat katibi Cey Karni bildirib. Onun sözlərinə görə, ABŞ Snoudenin vəziyyəti və onun statusunda baş verən hər dəyişiklik barədə Rusiya hökumətinin izahatını gözləyir.

Ağ Evin nümayəndəsi həmçinin söyləyib ki, ABŞ prezidenti Barak Obama “Böyük iyirmilər”in Peterburq sammiti çərçivəsində sentyabrda Rusiyaya səfər edəcək. Amma o Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin görüşü barədə təfərrüatları açıqlamayıb.

ABŞ-ın Dövlət katibi Con Kerrinin rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı olub. Danışıq zamanı Kerri vurğulayıb ki, Rusiyanın düzgün qərar qəbul etmək üçün imkanı vardır və o Snoudeni ABŞ-a qaytara bilər.

Senatın Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez bildirib ki, Rusiyanın Edvard Snoudenə siyasi sığınacaq verməsi Rusiya-ABŞ münasibətlərinə mənfi təsir göstərəcək.

Snouden Rusiyada qalmaq istəyir

Əvvəlcə bildirilmişdi ki, Snouden Şeremetyevo aeroportunun tranzit zonasını tərk etməyə icazə verən sənəd almaq üçün Rusiya Federal Miqrasiya Xidmətinə müraciət edib. Eyni zamanda, o həmişəlik Rusiyada qalmaq arzusunu dilə gətirib. “Snouden həmişəlik Rusiyada qalmaq istəyir. Kəşfiyyatçı həmçinin iş tapıb işləmək və səyahət etmək istəyir” - Kuçerena bildirib.

Kuçerenanın sözlərinə görə, Snouden hazırda özünü normal hiss edir, onun bir az pulu vardır. Eyni zamanda Snouden üçün Rusiya və Almaniyada könüllü ianə yığılır.

Kuçerena söyləyib ki, Federal Miqrasiya Xidmətinin verdiyi sənəd tranzit zonanı tərk etməyə icazə vermir. Bu məsələ ilə bağlı qərar sonra qəbul ediləcək. Snoudenə müvəqqəti sığınacaq verilməsi məsələsinə üç ayadək müddətə baxıla bilər.

AzVision.az


Teqlər:  





Xəbər lenti