Kim Çen İnlə azərbaycanlı deputatların fərqi

Kim Çen İnlə azərbaycanlı deputatların fərqi
  24 May 2016    Oxunub:15462
Şimali Koreya lideri Kim Çen İn bu yaxınlarda siqareti tərgitdiyini bəyan edib. 33 yaşlı liderin bu addımı dünya gündəmində maraqlı müzakirələrə səbəb olub.

Koreyalı diktator zərərli vərdişə yox deyərək, ölkədə siqaret çəkməyə qarşı milli kampaniya başlamaq qərarına gəlib. O, ilk addımı özü ataraq, siqareti tərgidib. Kimin bu addımından sonra çətin ki, onun ölkəsində siqaret çəkən tapılsın.

Ümumilikdə, koreyalı liderin zərərli vərdişdən uzaqlaşması müsbət addım kimi qiymətləndirilməlidir.

Azərbaycanlı deputatları Kim Çen İnin “siqaretə yox” kampaniyasını dəstəkləyirlər.

Millət vəkilləri hesab edirlər ki, siqaretə qarşı mübarizə insan hüquqlarına zidd olmadan Azərbaycanda da aparıla bilər. Yəni, ictimai yerlərdə siqaret çəkilməsi qanunvericilik səviyyəsində qadağan edilə bilər. Bununla belə deputatlar arasında siqaret çəkənlərlə, çəkməyənlər arasında fikir ayrılığı mövcuddur.



“Siqaret çəkməsəm, yazı yaza bilmirəm”

Siqaret aludəçisi olan millət vəkili Nizami Cəfərov hesab edir ki, insan haqlarının qorunması şərti ilə siqaretə qarşı mübarizə aparılması məqbuldur: “Mən özüm möhkəm siqaret çəkənəm. Odur ki, mənim siqaret çəkənlərə qarşı mübarizə aparmam özünü doğrultmaz. Bunun üçün gərək siqareti atam, ondan sonra mübarizəyə başlayam. Amma, bilirəm ki, siqaret çəkmək çox ziyandır. Siqaret çəkməyi təbliğ edə bilmərəm. Hesab edirəm ki, ictimai yerlərdə siqaret çəkmək qadağan olunsa, yaxşı olar”.

N.Cəfərov vurğulayıb ki, hər yerdə, televiziylarda, ictimai reklamlarda, insanlar arasında siqaretə qarşı anti-təbliğat aparılır: “İşimizi atıb siqaretlə mübarizə aparmağımız doğru deyil. Mübarizə aparılacaq o qədər məsələlər var ki. Amma, qanunvericiliklə müəyyən yasaqlar etmək mümkündür. Bu qadağalar ictimai yerlərə aid ola bilər. Elə adam var ki, siqaret çəkmək ona xeyirdir. Məsələn, mən siqaret çəkməyəndə yazı yaza bilmirəm. İnsan haqlarının qorunması şərti ilə siqaretə qarşı mübarizə aparılması məqbuldur.”



“Siqareti tərgitməyə gücüm çatmır”

Deputat Rövşən Rzayev siqaret çəkən olsa da, bu zərərli vərdişi qadağan edən qanunun olmasının tərəfdarıdır.

“Bununla bağlı müəyyən qədər iş aparılmalıdır. Siqaret çəkənlər üçün ayrıla biləcək xüsusi yerlərdə qadağalar qoymaq olar. Bu gün qanun olmadığına görə, bəziləri öz imkanları hesabına həmin yerlərdə siqaret çəkənlərə qadağalar qoyur. Hesab edirəm ki, bu da düzgün deyil. Özüm siqaret çəkənəm. Hələlik siqareti tərgitməyə gücüm çatmır”.



“16 ildir siqareti atmışam”

Millət vəkili Araz Əlizadə vaxtilə siqaret çəksə də, 16 ildir tərgitdiyini deyib: “Artıq 16 ildir siqareti atmışam. Siqareti atanda çətinlik yaşamadım. Amma bəzi insanlar bunu bacarmırlar. Hər şey iradədən asılıdır”.

A.Əlizadənin fikrincə, siqaretə qadağa qoymaqla nəyəsə nail olmaq mümkün deyil: “Narkotik vasitələrin istifadəsi qadağandır. Onun qarşısını almaq mümkündür? Xeyr. Ona görə də siqaretə qadağa qoymaq da mümkün deyil”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti