Avropada ən böyük 5 daşqın

Avropada ən böyük 5 daşqın
  04 İyun 2013    Oxunub:5952
2013-cü ilin yayında bir sıra Avropa ölkəsində aramsız yağışlar daşqınlara gətirib çıxarıb. Bu vəziyyətdən daha çox Çexiya zərər çəkib. Ölkədə fövqəladə vəziyyət elan olunub. Ciddi vəziyyət həmçinin Almaniya və Avstriyanın bəzi regionlarına da sirayət edib.
Son 60 il ərzində Avropada baş verən beş ən böyük daşqın barədə AzVision.az məlumat verir.

1. 1953-cü ilin fevralında baş verən daşqın Danimarka, Norveç, Almaniya, Belçika və Böyük Britaniyanı sulara qərq edib. Həmin dövrdə ən böyük zərbə Niderlanda dəyib. Şiddətli külək və tufanlara dambalar tab gətirə bilməyib və 130-dan çox məntəqəni dağıdıb. 72 min Niderland sakini evakuasiya edilib, 3000 ev tamamilə dağılıb. 2400 insan daşqının qurbanı hesab edilib.


2. 1959-cu ildə Fransada böyük daşqın baş verib. Malpasse bəndi güclü yağışlardan sonra dağılıb və su axını şəhəri basıb. Daşqın Fransa üçün milli faciə olub. Daşqın nəticəsində 400 nəfər həlak olub.

3. Almaniyada ən böyük daşqınlardan biri 1962-ci ilin fevralında olub. Şimal dənizinin güclü tufan dalğaları ölkənin sahil xəttini keçib, nəticədə Elba çayında suyun səviyyəsi artıb və Hamburq şəhərini sulara qərq edib. Bremen şəhərinə də böyük ziyan dəyib, Krautzand adası bir neçə gün xarici aləmdən təcrid edilmiş vəziyyətdə qalıb. Daşqın nəticəsində 300 nəfər ölüb və 500 mindən çox sakin evsiz qalıb.


4. 1966-cı ildə İtaliyanın bir neçə çaylarında aramsız yağış nəticəsində suyun səviyyəsi artaraq İtaliyanın mərkəzindəki yaşayış məntəqələrini basıb. Nəticədə 100-dən çox insan həlak olub. Daşqın kənd təsərrüfatına külli miqdarda ziyan vurub. Ən böyük zərər Florensiya şəhərinə və sakinlərinə dəyib. Daşqın Florensiyanın Milli mərkəzi kitabxanasında 3 milyondan çox nüsxə nadir kitabları və 14 min digər incəsənət əsərlərini korlayıb.

5. 2000-ci ilin payızında Avropada yağan güclü leysan yağışları İsveç, İsveçrə, Macarıstan, Avstriya, Fransa, Norveç, İspaniya və İtaliyada güclü daşqınlara səbəb olub. İtaliyanın bəzi əyalətlərində fövqəladə vəziyyət elan olunub və 43 min nəfər evakuasiya edilib. Ən böyük zərər İtaliyanın Turin və Milan şəhərlərinə dəyib, 30 insan suda boğulub. İtaliyaya dəyən ümumi ziyan 800 milyon dollar təşkil edib. Güclü yağışlar İsveçrənin dağlıq rayonlarında uçqunlar yaradıb. Fransa, İsveçrə və İspaniyaya dəyən ümumi ziyan 10 milyon dollar hesablanıb.


AzVision.az


Teqlər:  





Xəbər lenti