Gül Ərdoğanı özündən çıxardı - VİDEO

Gül Ərdoğanı özündən çıxardı - VİDEO
  04 İyun 2013    Oxunub:1540
Dövlət başçısının ölkədə baş verən etirazlarla bağlı açıqlaması siyasi qalmaqala səbəb olub.
Türkiyədə davam edən gərginliyi azaltmaq üçün hadisələri təşkil etməkdə ittiham edilən ana müxalifət partiyası, CHP sədri Kamal Kılıcdaroğlu prezident Abdullah Güllə bir araya gəlib.

Bağlı qapılar arxasında baş tutan görüşdən sonra Cümhuriyyət Xalq Partiyasının sədri jurnalistlərə danışıqların təfərrüatı barədə açıqlama verib. O bildirib ki, görüşdə hakim Ədalət və İnkişaf Partiyasının yanlış siyasəti dövlət başçısının diqqətinə çatdırılıb. Kılıcdaroğlu iğtişaşlara son qoyulması üçün baş nazir Rəcəb Tayyib Ərdoğanın xalqdan üzr istəməli olduğunu qeyd edib. Ardınca görüşlə bağlı Çankaya köşkündən açıqlama verilib.

Ölkə vətəndaşlarını təxribatlara uymamağa çağıran Abdullah Gül ölkənin həssas dönəmdən keçdiyini qeyd edib. Dövlət başçısının adından yayımlanan açıqlama siyasi qalmaqalsız da ötüşməyib. Belə ki, sənəddə yer alan "lazımi mesajları aldım" cümləsi və "demokratiya təkcə seçki keçirmək deyil" ifadəsi baş nazir Rəcəb Tayyib Ərdoğanı özündən çıxarıb. Mərakeşə səfər edən Ərdoğan bu ölkədə həmkarı Abdullah Bankirani ilə birlikdə sualları cavablandırarkən əvvəlcə Gülün "lazımi mesajları aldım" cümləsini anlamadığını deyib.

Demokratiya və seçkilərə gəlincə, baş nazir bir daha bildirib ki, demokratiyanın başlıca meyarı məhz seçkidir və iğtişaşların arxasında seçkidə uduzan partiyalardır. Bununla bərabər Ərdoğan yaxın 2-3 gündə ölkədə vəziyyətin nəzarət altına alınacağını bildirib. Ölkədə isə qarşıdurmalar gecə boyu da davam edib. Ankara, İzmir və İstanbulda polis ümumilikdə mindən artıq etirazçını həbs edib. Hətta vəziyyət o həddə çatıb ki, təxribatçı qruplar hadisələri işıqlandıran jurnalistlərə də hücum edib.

Məlumatlara görə, Türkiyənin "NTV" xəbər kanalının avtomobili çevrilib və ona od vurulub. Təhlükəsizlik kameralarına da maraqlı görüntülər düşüb. Bəzi görüntülərdə küçə və meydanlara çıxanların dinc əhali deyil, əli silahlılar olduğu açıq-aşkar görünür. Bu arada Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Con Kerri etirazçılara və hökumətə səslənib. Amerikalı diplomat hər iki tərəfi şiddət və zorakılıqdan çəkinməyə çağırıb.





Səbinə Həsənova
AzVision.Az



Teqlər:  





Xəbər lenti