ABŞ-ın dostu olmağa dəyərmi?
Müəllif yazır ki, bununla belə, hər hansı bir ölkə ABŞ-ın müttəfiqinə çevrilə bildikdə Vaşinqton öz potensial müttəfiqindən uzaqlaşmağı bacarır. Məsələ Azərbaycanla bağlı da belədir.
Müəllifin fikrincə, 70 il ərzində Sovet İttifaqının tərkibində olmuş Azərbaycan Xəzər və Yaxın Şərq regionlarında ABŞ-ın ideal dostu ola bilər.
Dünyəvi və qərbyönümlü Azərbaycan əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edirlər. Azərbaycan özlüyündə müsəlman ölkəsinin necə olmasına nümunədir.
Ərazisi ABŞ-ın Men ştatından azacıq kiçik olan Azərbaycan Xəzər dənizi sahillərində yerləşir və cənubdan İran, şimaldan Rusiya, qərbdən isə Gürcüstan və Ermənistanla həmsərhəddir.
K.Salhani qeyd edir ki, Azərbaycan iri neft və təbii qaz istehsalçısıdır və regionun ən zəngin ölkələrindən biridir, ABŞ-ın və ya Avropanın maliyyə dəstəyinə ehtiyacı yoxdur. Bu, ölkənin strateji müttəfiq kimi əhəmiyyətini artırır.
Azərbaycanın milli valyutası – manat dünyada ən sabit valyutalardan biridir. Manat digər valyutaların, misal üçün avro və ya yenin dollara nisbətdə məzənnəsinin düşdüyü halda qaya kimi sabit qalır.
Bundan başqa, Azərbaycanın paytaxtı Bakının sakinləri həmişə əcnəbiləri görməyə şaddırlar…
Qısaca desək, Azərbaycanın qeyri-sabit rayonda ABŞ-ın ideal dostu olması üçün bütün lazımi şərtlər var. Lakin burada bunun qarşılığı barədə söhbət belə getmir…
Azərbaycan hesab edir ki, Birləşmiş Ştatlardan aldığının müqabilində daha çox verib. Başqa keçmiş sovet respublikalarından fərqli olaraq, Azərbaycan Moskvanın təsiri altına düşmədi. Eyni zamanda, Rusiyanın təsiri məsələsi burada öz aktuallığını itirmədi və rus dili ölkədə əvvəlki kimi yayılıb.
Müəllif vurğulayıb ki, Azərbaycan Ermənistanla münaqişəyə baxmayaraq, terrorizmlə mübarizəni dəstəklədi və hərbçilərini Əfqanıstana göndərdi. Azərbaycan Silahlı Qüvvələrinin kontingenti Kosovada (1999-2008-ci illər) və İraqda (2003-2008-ci illər) sülhməramlı missiyalarda iştirak edib. 2002-ci ildə Azərbaycan ölkə kontingentinin hələ də xidmət etdiyi Əfqanıstanda sülhməramlı missiyada iştirak edib.
Bundan başqa, Azərbaycan Əfqanıstanda NATO-nun hərbi kontingentinə yardım etmək üçün hava məkanını açıb və nəqliyyat infrastrukturunu təqdim edib.
Azərbaycan İsraillə möhkəm əlaqələr qurub və ölkələr arasında müdafiə sahəsində bir neçə mənfəətli müqavilələr bağlanıb.
K.Salhani yazır ki, bu arada, Azərbaycan hökuməti hesab edir ki, Qərb ölkəyə qarşı ikili standartlar tətbiq edir: sözdə bir şey deyir, əməldə isə başqa bir şey.
İnsan haqları olduqca incə sahədir. Hökumət Bakıdakı xarici səfirlikləri müxalifətə maliyyə dəstəyi verməkdə təqsirləndirir.
Son zamanlar Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması, ölkədə bir sıra qəzetlərin, QHT-lərin bağlanması barədə bir çox söhbətlər olub. Həmçinin bu yaxınlarda Bakıda "Azad Avropa/Azadlıq" radiosunun ofisinin bağlanması ətrafında da xeyli söhbət yaranıb. Lakin rəsmi Bakı bu ittihamları əsassız və qərəzli hesab edir, o cümlədən hər şeyin cinayət işləri çərçivəsində baş verdiyini qeyd edir.
O da narahatlıq doğurur ki, ölkə ABŞ-ın regiondakı maraqlarında öz milli maraqlarını nəzərə almamalıdır. Məsələn, bəzi siyasi dairələrdə belə fikir var ki, Azərbaycan öz yolu ilə getməli deyil, Vaşinqtonun diktəsi ilə hərəkət etməlidir. Vaşinqtonun Azərbaycan torpaqlarının - Dağlıq Qarabağ və ətraf rayonların qonşu Ermənistan tərəfindən işğal edilməsi faktına məhəl qoymaması ən güclü narahatlığı doğurur.
"Azərbaycan" qəzeti kinayə ilə qeyd edir ki Azərbaycanın xarici siyasəti ABŞ-ın arzu və istəklərinə tam cavab verməli, ayrı-ayrı ölkələrlə əlaqələrin konturları isə Dövlət Departamenti tərəfindən müəyyənləşməlidir: "Seçim haqqı Azərbaycan xalqına deyil, Ağ evə məxsus olmalıdır".
Ölkənin rəsmi rəhbərliyi də belə yanaşmanı tamamilə yanlış hesab edir.
Qəzet yazır: " Qərbdə birmənalı olaraq dərk etməlidilər ki, Azərbaycan xalqı xarici fondlardan maliyyələşdirilən kiçik qruplar deyil, 9.5 milyon insan və 5 milyona yaxın seçicidir. Ola bilsin hər hansı səbəbdən hesab edirlər ki, ABŞ-ın bəzi dairələri belə fikirləşməyə başlayıblar ki, Azərbaycan artıq Qərbi və onun dəyərlərini “inkar etmək” yolunu tutub. Guya Azərbaycan nə Avropa məkanına inteqrasiyada maraqlı deyil, nə də Vaşinqton və onun müttəfiqləri ilə əlaqələrini inkişaf etdirmək istəyir".
Nəşr bildirir: "Bəlkə bu səbəbdən bəzi Qərb KİV-lərində Azərbaycanın əleyhinə heç bir tərəfdaşlıq anlayışına sığmayan, adi etika çərçivəsini aşan, namərdcəsinə yazılan (və ya yazdırılan) qondarma materialların sayı durmadan artır".
Müəllifin məqaləsində deyilir ki, Vaşinqton bu regionda çətin ki, Azərbaycandan yaxşı dost tapsın. Bu, əldən verilməli imkan deyil...
Teqlər: