Amerikasayı `söz azadlığı`: Əfsanəvi jurnalist niyə işdən qovuldu?
Virtualaz.org saytı xəbər verir ki, Cim Klensi iş yerini özünün Twitter səhifəsində Fransanın “Charlie Hebdo” jurnalının redaksiyasında baş vermiş terror aktları barədə məlumatlar yerləşdirəndən sonra itirib.
ABŞ mətbuatı xəbər verir ki, C.Klensi jurnalın redaksiyasına hücum edilən gün yazdığı tvitlərdə Məhəmməd peyğəmbərin həmin satirik jurnalda dərc olunmuş karikaturaları barədə yazıb. Xəbərə görə, əgər C.Klensi İsrail tərəfdarlarını tənqid etməyə başlamasaydı və digər Twitter istifadəçiləri ilə bu mövzuda polemikaya girməsəydi, heç bir hadisə baş verməyəcəkdi.
C.Klensinin Twitter sosial şəbəkəsindəki profili sonradan ləğv edilsə də onun atdığı tvitlər bir neçə saytda, o cümlədən şayiə və dedi-qodular üzrə ixtisaslaşmış “Gawker”, “Twitchy” и “Mediaite” saytlarında dərc olundu.
CNN yanvarın 17-də C.Klensinin şirkəti tərk etdiyini təsdiqlədi. Lakin teleşirkət onun gedişinin Twitter şəbəkəsində paylaşdığı məlumatlarla bağlı olub-olmadığını şərh etməkdən boyun qaçırdı. C.Klensinin özü də bu haqda hər hansı şərh verməkdən imtina etdi.
Yada salaq ki, C.Klensi “Charlie Hebdo”nun karikaturaları barədə məlumatı yanvarın 7-də - bu nəşrin Paris redaksiyasında baş vermiş terror aktına qədər paylaşmışdı.
“Bu karikaturalar peyğmbəri HEÇ VAXT ələ salmayıb. Bu karikaturalar onun sözlərini təhrif edən bəzi QORXAQLARI ələ salır” - deyə C.Klensi yazırdı.
Bu məlumat Twitter şəbəkəsində 600 dəfədən çox tvitlənmiş, yəni təkrarən paylaşılmışdı.
Bəziləri C.Klensinin bu açıqlamasını gerçəkliyə uyğun olmayan fikirlər kimi qiymətləndirirdi. Onlardan biri də Demokratiyanı Müdafiə Fondunun tədqiqatlar üzrə direktoru Oren Kessler idi.
Beynəlxalq terrorizm problemini öyrənən O.Kessler buna öz tviti ilə cavab verərək yazırdı: “Jurnal artıq keçmişdə hücum hədəfi olub. Məhəmməd peyğəmbər bu nəşrin keçmiş buraxılışlarının birində jurnala dəvət olunmuş redaktor kimi təqdim olunub”.
Bundan sonra C.Klensi öz profilində bir neçə tvit atmışdı. Onların birində yazırdı: “Bütün bunlar İsrailin piarına yönəlmiş kampaniyanın tərkib hissəsidir. Burada qeyri-qanuni heç nə yoxdur. Amma PR (piar) HR (Human Rights, yəni insan haqları) demək deyil”.
Çoxunun fikrincə, məhz bu sözləri C.Klensinin CNN-dən getməsinin əsas səbəbinə çevrilib.
Qeyd edək ki, C.Klensi 30 ildən artıq müddətdə CNN-də işləyib. O, “Brief” adlı qlobal xəbərlər şousunun aparıcısı idi. Berlin divarlarının yıxılmasını, Ruandadakı soyqırımını və İraqdakı müharibəni Amerika ictimaiyyətinə bir vaxtlar məhz C.Klensi çatdırmışdı.
O da çox maraqlıdır ki, bu informasiyalar C.Klensinin bioqrafiyası barədə CNN şirkətinin saytında yerləşdirilən arayışdan artıq çıxarılıb. Halbuki bu teleaparıcı CNN-ə ömrünün ən gözəl illərini verib.
Beləliklə, C.Klensi də İraq kampaniyası zamanı teleşirkətdən qovulmuş Fil Donahyu, Mel Gibson, Tim Uilkoks (BBC) və günün ən ağrılı problemləri barədə öz fikirlərini deməkdən qorxmayan digər azad insanların cərgəsinə qoşuldu. C.Klensi də Qərb cəmiyyətində fərqli düşünmək azadlığının, necə deyərlər, yeni tipli söz azadlığının - “selektiv söz azadlığı”nın növbəti qurbanına çevrildi.
Buna isə yalnız təəssüflənmək qalır ki, “azad dünya”nın bir çox azad, müstəqil şəxsiyyətləri şərti azadlığın və riyakarlığın girovuna çevrilməkdə davam edirlər. Söz azadlığının pozulmasının əyani sübutu demək olan bu hadisəni sükutla qarşılayan Amerika cəmiyyətinin mövqeyini başa düşmək, buna izah vermək çox çətindir. Bu, hətta adi sükut da deyil. Burada təqdir əlaməti, bu olayı bəyənmək nişanəsi də var. Amerikada bunu bəyəndilər.
Halbuki ABŞ rəhbərliyi Azərbaycanı və İlham Əliyev hökumətini az qala hər gün tənqid edir, ondan jurnalistlərin hüquqlarını qorumağı tələb edir. C.Klensi ilə bağlı bu utandırıcı hadisə isə adamda bu hadisənin aşkar siyasi çalarlara malik olmasına əminlik yaradır.
Azərbaycanlıların hüquqlarının qorunmasını tələb edə-edə Klensinin səsini boğmaq? Bir-birinə zidd bu iki hadisə eyni vaxtda necə baş verə bilər axı?
ABŞ belə nümunələrlə digər siyasi liderləri, illah da yeni demokratiya ölkələrinin liderlərini başqa cür düşünənlərə qarşı mübarizəyə həvəsləndirmirmi?
Bundan sonra hamı Obamanı və Klensini barmaqla göstərəcək, elə deyilmi?
Dünən Ferqusson hadisələri oldu. Bu gün Klensi olayı yaşandı. Növbəti kimdir?