Bakıda reklam lövhələri niyə sökülür?- Açıqlama

Bakıda reklam lövhələri niyə sökülür?- Açıqlama
  30 Noyabr 2014    Oxunub:2103
Bakının mərkəzində yerləşən obyektlərin qarşısında şəhərin gözəlliyinə xələl gətirən reklam lövhələri söküləcək.
Bunu oxu.az-a açıqlamasında Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib.

Asif Əsgərovun sözlərinə görə, Bakıda baş tutacaq Avropa Oyunlarına hazırlıq ərəfəsində şəhərin mərkəzinə baxış keçirilib.

Baxış zamanı ərazidə ümumi görkəmə mənfi təsir göstərən və sənədsiz reklam lövhələri aşkarlanıb. Bununla bağlı onların sökülməsinə dair müvafiq tapşırıqlar verilib.

“Axı, bu düzgün deyil, şəhərin düz mərkəzinə yazıb qoyublar ki, şalvar dükanı, ayaqqabı dükanı və s. Bu cür tanıtım lövhələri şəhərin gözəlliyinə çox ciddi təsir göstərir. Bunların sökülməsi hər kəsi düşünüb atılan addımdır”.

Asif Əsgərov “Əli və Nino” kitab mağazasının tanıtım lövhəsinin sökülməsinə də aydınlıq gətirib:

“Mərkəzdə qeyri-qanuni, Ədliyyə Nazirliyi tərəfindən icazəsi olmayan tanıtım lövhələri birmənalı olaraq söküləcək. Lakin sənədli və Ədliyyə Nazirliyi tərəfindən icazəsi olan obyektlərin tanıtım lövhələri sökülməyəcək. Biz Avropada da mərkəzdə tanınmış mağazaların tanıtım lövhələrinin olduğunu müşahidə edirik və burada heç bir qəbahətli məsələ yoxdur. Narahatçılığa səbəb yoxdur, sənədi olan tanıtım lövhələri sökülməyəcək”.

Qeyd edək ki, noyabrın 27-də Bakı şəhərinin mərkəzində yerləşən obyektlərin qarşısındakı tanıtım lövhələrinin sökülməsi ilə bağlı məlumat yayılmışdı. Obyekt sahiblərinin verdiyi məlumata görə, obyektlərə məxsus lövhələri özlərini təqdim etməyən mülki geyimli şəxslər çıxarıblar. Fəvvarələr meydanındakı “Əli və Nino” kitab evinin sahibi Nigar Köçərli bildirir ki, naməlum şəxslər bu haqda göstərişin bütün icra hakimiyyətlərinə göndərildiyini deyiblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti