NATO Ukraynaya silah verirr - Ruslar narahatdır

NATO Ukraynaya silah verirr - Ruslar narahatdır
  08 Sentyabr 2014    Oxunub:1966
Rusiya: “Bu silahlar kimə qarşı istifadə olunacaq?”
NATO-ya daxil olan 5 ölkə- ABŞ, Fransa, İtaliya, Polşa və Norveç Ukraynaya müasir silahlar verəcək. Bu barədə Ukrayna prezidentinin məsləhətçisi Yuri Lyusenko Facebook səhifəsində məlumat yayıb. Bir az əvvəl isə Ukraynanın Prezidenti Pyotr Poroşenko NATO-da belə bir qərarın verdiyini açıqlamışdı. Prezident bildirmişdi ki, söhbət yüksək səviyyəli müasir silahlardan gedir. Ukraynaya verilən hərbi yardımda İtaliyaya məxsus zirehli avtomobillər də olacaq. Bu barədə məlumatı Qərb mənbələrinə istinad edən «Взгляд» yayıb.

NATO-nun baş katibi Anders Foq Rasmussen Uelsdə keçirilmiş son zirvə toplantısında qeyd etmişdi ki, alyans Ukraynanın hərbi islahatlar keçirməsinə dəstə verəcək və Ukrayna Ordusunun güclənməsinə çalışacaq. Bununla belə, baş katib qeyd etmişdi ki, Ukraynaya hərbi yardımla bağlı hər bir ölkə ayrılıqda, müstəqil qərar verəcək: “Ancaq gələcəkdə NATO ilə Ukrayna arasındakı əlaqələr daha da gücləndiriləcək. Alyans Ukraynanın güclü Orduya sahib olmasına yardım edəcək”.

Rusiya Dövlət Dumasının beynəlxalq komitəsinin rəhbəri Aleksey Puşkov soruşur ki, NATO hansı səbəbdən Ukraynaya yüksək keyfiyyətli silahlar vermək fikrindədir? Biz bu sualla cavab almaq üçün NATO-dan izah tələb etməliyik. Biz bilməliyik ki, həmin silahlar kimə qarşı istifadə olunacaq.

Rusiyalı hərbi ekspert Viktor Litovski deyib ki, NATO Ukraynaya cəmi 15 milyon dollar ayırıb. Ancaq bir ədəd yaxşı tankın qiyməti 2,5 milyon dollardır. Onun sözlərinə görə rəsmi Kiyevin NATO-dan müasir naviqasiya sistemləri almaq ehtimalı yüksəkdir.

Ekspert qeyd edib ki, Ukrayna alyansdan alacağı silahlardan istifadə etmək üçün mərmi istehsal edən zavodlarında ciddi dəyişikliklər etməlidir. Bu isə ciddi maliyyə itkisi deməkdir. Ona görə də NATO-nun Ukraynaya müasir silah verəcəyi ilə bağlı deyilənlərin elə bir praktiki təsiri olmayacaq. Bu kimi bəyanatlar sadəcə siyasi və mənəvi baxımdan dəstək xarakteri daşıyır.

Bu günlərdə isə bəlli olub ki, İtaliya Ukraynaya 90 ədəd “Iveco LMV” zirehli avtomobilləri satacaq. İtaliya Respublikasının Baş naziri Matteo Renzi bəyan etdi ki, hökumət bu istiqamətdə danışıqlara icazə verib. Bu zirehli avtomobillər minaya qarşı müdafiə sisteminə malikdir. Xırda və iri çaplı mərmilərdən qorunmaq gücündədir.(musavat)


Teqlər:





Xəbər lenti