İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatına hazırlaşır

İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatına hazırlaşır
  24 Mart 2025    Oxunub:1135
İsrail hakimiyyəti Qəzza zolağında genişmiqyaslı quru əməliyyatı planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə “Wall Street Journal” mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, İsrail rəhbərliyi hesab edir ki, Fələstin anklavının əhəmiyyətli hissəsinin ələ keçirilməsi və saxlanması ona HƏMAS hərəkatı üzərində yekun qələbəyə nail olmağa imkan verəcək. Nəşrin qeyd etdiyi kimi, İsrailin Baş naziri Benyamin Netanyahu və onun yaxın ətrafı hesab edir ki, Amerikanın yeni administrasiyasının hücum hərəkətlərinə dəstəyi və Livanda “Hizbullah” təşkilatının zəifləməsi ilə İsrail ordusu bu cür hərbi əməliyyatlar keçirmək üçün kifayət qədər imkanlara malikdir.

Eyni zamanda, HƏMAS üzərində yekun qələbəyə nail olmaq üçün İsrail hərəkatın yeraltı tunellər sistemini və digər infrastruktur obyektlərini tamamilə məhv etməli olacaq ki, bu da bir neçə ay, hətta illərlə çəkə bilər. Netanyahunun yeni strategiyasının əleyhdarları hesab edirlər ki, münaqişənin siyasi həlli olmadan təşkilatı sıradan çıxarmaq sadəcə mümkün olmayacaq.

Qeyd edək ki, martın 18-də İsrail ordusu Qəzzada hərbi əməliyyatları bərpa edərək anklav ərazisinə kütləvi hava zərbələri endirib.
AzVision.az



Teqlər: Qəzza  





Xəbər lenti