Mədəniyyət Nazirliyi ilin yekunlarına dair müşavirə keçirib

Mədəniyyət Nazirliyi ilin yekunlarına dair müşavirə keçirib
  30 Dekabr 2024    Oxunub:507
Dekabrın 28-də Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyi sistemində rəqəmsallaşmanın vəziyyətinə və ilin yekunlarına həsr olunan toplantı keçirilib.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, mədəniyyət naziri Adil Kərimli çıxışında bildirib ki, qurumun fəaliyyətinin rəqəmsallaşdırılması prioritet istiqamətdir: “Mədəniyyət sahəsinin rəqəmsallaşması çox çətin bir fəaliyyətdir. Nəzərə alsaq ki, indiyə qədər bu sahədə sistemli iş aparılmayıb. Fəaliyyət göstərdiyimiz müddət ərzində bu sahədə məlumatların toplanılması və sistemləşdirilməsi istiqamətində əhəmiyyətli işlər həyata keçirilib. Toplantıda bu sahədə fəaliyyətimizə nəzər salınacaq, uğurlarla yanaşı, qarşıda duran vəzifələr də diqqət mərkəzinə çəkiləcək”.

Daha sonra nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri və əməkdaşlarının rəqəmsallaşma üzrə illik hesabatı dinlənilib.

Çıxışlarda klasterlər, modullar, “e-Culture” matrisi, “e-Culture” arxitekturası, nazirliyin informasiya resursları, ölkə üzrə mədəniyyət obyektləri və müəssisələrinin reyestrinin yenidən yaradılması, vahid şəxsi kabinet sistemi vasitəsilə bir pəncərə prinsipi əsasında mədəniyyəti rəqəmsal prizmadan tanımaq, musiqi və incəsənət məktəblərinin elektron sistemi və s. məsələlər haqqında söz açılıb.

Hesabat iclasında ayrı-ayrı sahələr üzrə 2024-cü il ərzində görülmüş işlər, müəyyənləşdirilmiş fəaliyyətə uyğun olaraq həyata keçirilmiş tədbirlər və əldə olunmuş nəticələr haqqında struktur bölmə rəhbərlərinin məruzələri dinlənilib.
Sonda nazir mövcud problemlərin həlli, qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini verib.

AzVision.az

Qalereya




Teqlər: Müşavirə  





Xəbər lenti