Kibercinayətkarların hədəfi dəyişib

// Hakerlər kiçik biznesə və siyasətə yönəliblər

   Kibercinayətkarların    hədəfi dəyişib
  08 Dekabr 2024    Oxunub:2906
Fransanın “Orange” telekommunikasiya qrupuna daxil olan “Orange Cyberdefense” qrupu 2024-cü ildə dünyada haker hücumlarının statistikası ilə bağlı hesabat dərc edib. Sənəddən bəlli olur ki, bu il hakerlərin hücumlarının hədəflərində əhəmiyyətli dəyişiklik baş verib.
Kibercinayətkarlar iri qurumlardan orta və kiçik biznesə, sənaye obyektlərinə, hətta səhiyyə müəssisələrinə keçiblər. Əsas məqsəd məxfi informasiyaları və şəxsi məlumatları oğurlamaq olub.

“Orange Cyberdefense” qeyd edir ki, hakerlər daha vicdansız olublar: Məsələn, xəstəxanalara kiberhücum zamanı insanların həyatına və sağlamlığına risk yaratmaları onları narahat etməyib. Bu qəbildən ən böyük insidentlərdən biri Cənubu Afrika Respublikasında yerləşən “South African National Health Laboratory Service” tibb müəssisəsində qeydə alınıb. Kiberhücum səbəbindən pasientlər bir neçə həftə analizlərinin nəticəsini əldə edə bilməyiblər. Nəticədə müalicələri gecikib, hətta vacib əməliyyatlar təxirə salınıb.


Qrupun ekspertləri qeyd edirlər ki, kiçik və orta biznesin haker hücumlarından qorunmaq üçün maliyyə imkanları daha zəifdir. Buna görə də kibercinayətkarlar onları hədəfə alırlar. Ötən illə müqayisədə kiçik və orta biznes obyektlərinə hücumların həcmi 52% artıb. Bu il Əfqanıstan, Cibuti, Özbəkistan, Maldiv, Nepal kimi ölkələrdə ilk belə hallar qeydə alınıb.

Bundan başqa, 2024-cü ildə hakerlər ilk dəfə kütləvi şəkildə insanların şüuruna təsir uğrunda mübarizəyə qoşulublar: Geosiyasi gərginliklərin və hərbi münaqişələrin ağırlaşması fonunda onlar koordinasiyalı şəkildə feyklərin, dezinformasiyaların, siyasi narrativlərin yayılması kampaniyaları təşkil ediblər. “Orange Cyberdefense”in ekspertləri hakerlərin bu cür siyasiləşməsini ictimai rəylə manipulyasiya etməkdə maraqlı olan qüvvələrin sifarişlərilə izah edir.

Ümumilikdə 2024-cü ildə ictimai rəylə manipulyasiya etməyə, müxtəlif növ münaqişələri qızışdırmağa hesablanmış 6500 kiberhücum cəhdi qeydə alınıb. Elektron seçki sistemlərinə DDoS-hücumların, namizədlərin seçki qərargahlarının işinə elektron müdaxilələrin çoxalması da bu qəbildəndir.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Kibercinayət   Haker  





Xəbər lenti