Ukraynalı hərbçilər Zelenskiyə qarşı çıxa bilərlər

   Ukraynalı hərbçilər Zelenskiyə qarşı çıxa bilərlər
  11 Sentyabr 2024    Oxunub:1285
Kiyevin 2023-cü ildə uğursuz əks-hücumu, işğal olunmuş əraziləri azad etmək üçün qüvvə və vasitələrinin olmaması Ukraynada Rusiya ilə sülh sazişi barədə ictimai rəyi dəyişir. Lakin döyüşən əsgərlər və veteranlar Kremllə danışıqlar ideyasına qarşı çıxırlar.
“The Wall Street" in (WSJ) yazdığına görə, hərbçilərin əksəriyyəti sövdələşməyə gediləcəyi halda, hökumətə qarşı çıxmağa hazırdır.

Odessa Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Vladimir Dubovik xəbərdarlıq edir ki, sülh danışıqları başlasa, heç bir halda hamını razı salmaq mümkün olmayacaq. İstənilən atəşkəs razılaşması əhəmiyyətli dərəcədə siyasi risklər daşıyır və ukraynalıların çoxu bunu hazırkı vəziyyətdən pis çıxış yolu kimi qiymətləndirəcəklər.

“Amma insanların Rusiya ilə danışıqlara daha çox meyllənməsi özlüyündə böyük dəyişiklikdir”, - Dubovik deyib.

Kiyevdəki Razumkov Mərkəzinin iyun ayının sonlarında işğal olunmamış ərazilərdə keçirdiyi sorğunun nəticələrinə görə, ukraynalıların 44%-i Rusiya ilə sülh danışıqlarına başlamağın vaxtının çatdığını düşünür. Respondentlərin 35%-i bu ideyanın əleyhinə çıxıb, 21% isə cavab verməkdə çətinlik çəkib. Beləliklə də, danışıqların tərəfdarlarının sayı müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb.

Bununla belə, ukraynalıların böyük əksəriyyəti Vladimir Putinin bu yaxınlarda səsləndirdiyi və Moskvanın qismən ələ keçirdiyi dörd vilayətin tamamilə Rusiyaya verilməsini, habelə Ukraynanın hərbi blokdan kənar statusunu ehtiva edən şərtlərlə danışıqların başlanmasına razı deyillər. Mərkəz onu da qeyd edir ki, sorğunun nəticəsi “arxa cəbhənin rəyidir” , çünki döyüş əməliyyatlarında iştirak etməyən ukraynalıların mövqeyi öyrənilib.

WSJ isə ruslarla döyüşən və ya döyüşmüş insanların fərqli yanaşma sərgilədiyini iddai edir.Jurnalın həmsöhbətləri (o cümlədən 2014-cü ildən Rusiya ilə döyüşənlərin çoxu) münaqişənin dayandırılmasına skeptik yanaşıblar. Onların çoxu əmindir ki, Putin hərbi əməliyyatlarda fasilədən yalnız Rusiya ordusunun döyüş gücünü bərpa etmək üçün yararlanacaq. Digərləri isə Moskvaya “heç olmasa müəyyən ərazilərin verilməsini” həlak olmuş yoldaşlarının xatirəsinə xəyanət kimi qiymətləndirirlər.

Karnegi Beynəlxalq Sülh Fondunun sifarişi ilə “Reytinq” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrinə əsasən, hərbi qulluqçuların və veteranların yalnız 18%-i müharibəyə danışıqlar yolu ilə son qoymaq üçün kompromis axtarmağa dəydiyini fikirləşirlər. Bu, sorğuda iştirak etmiş bütün demoqrafik qruplar arasında ən aşağı göstəricidir.

Hərbçilərin 55%-i ölkənin ərazisi 1991-ci il sərhədləri çərçivəsində bərpa edilənədək döyüşmək lazım olduğuna əmindir. Digər 12% heç olmasa 2022-ci il sərhədlərinə qayıtmağı da məqbul sayırlar. Eyni zamanda, hərbçilərin və veteranların 15%-i hökumətin onların razılaşmadığı sülh sazişi imzalayacağı təqdirdə silahlı etiraz aksiyalarında iştirak etməyə hazır olduqlarını bildiriblər.

Bütövlükdə Ukraynada rəyi soruşulanların 26%-i kompromis axtarmağa hazırdır. Güzəştlər bahasına sülh tərəfdarlarının əksəriyyəti isə gənclərdir: 18-25 yaş qrupunda onların 33%-i, 26-35 yaş arasında – 31%.

- Son 30 ildə Rusiya onlarla beynəlxalq müqaviləni pozub. Əgər sülhün davamlı olmasını istəyiriksə, Rusiyaya mümkün qədər çox zərər vurmalıyıq. Ərazinin təslim edilməsi ilə bağlı istənilən plana qarşıyam”, - 2014-cü ildə döyüşlərə başlayan və keçən il yaralandıqdan sonra tərxis olunan 42 yaşlı İvan Pançenko bildirib.

“Azov” batalyonunun keçmiş komandiri və Ukrayna ordusunun döyüşə ən hazırlıqlı bölmələrindən biri olan 3-cü Hücum Briqadasının yaradıcısı, polkovnik Andrey Biletski Qərb cəmiyyətində və təbii ki, Ukraynada da müharibədən yorğunluq yarandığını deyib.

“İndi Ukraynanın vəziyyəti ürəkaçan olmasa da, bir hərbi fəlakət də baş verməyib. Bu müharibə uduzulmayıb. Ukraynanın son bir ildə ərazi itkiləri nisbətən azdır və bunun üçün Rusiya böyük bədəl ödəyib. Ukrayna öz ərazisinin ən azı çox əhəmiyyətli hissəsini geri ala bilər. Mən müharibəni sərbəst şəkildə bitirməkdə böyük təhlükə görürəm”, - polkovnik Andrey Biletski WSJ-yə müsahibəsində vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Zelenski   güzəşt   hərbçilər  





Xəbər lenti